Rəşid Behbudov - 100

Rəşid Behbudov   - 100

Rəşid Behbudovun 100 yaşı tamam olur

 Bu gün Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun 100 yaşı tamam olur.

Bununla əlaqədar dekabrın 14-də saat 11:45-də Fəxri Xiyabanda Rəşid Behbudovun məzarı önündə anım mərasimi keçiriləcək. Mərasimdə sənətkarın yaxınları, mədəniyyət və incəsənət xadimləri, pərəstişkarları iştirak edəcək.

Saat 19:00-da isə sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin konserti baş tutacaq.

Rəşid Məcid oğlu Behbudov SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın Xalq Artisti, Gürcüstan SSR-ın Əməkdar İncəsənət Xadimi kimi tarixə düşüb.

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub olub.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

Xəbər 1036 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR