Ürəklərə köçən dahi

Ürəklərə köçən dahi

Hər insan öz ömrünün yolçusu, taleyinin müəllifidir. Hər kəs fərqli düşünür, fərqli yaşayır, həyatına öz baxış bucağından yön verir. Lakin tarix göstərib ki, dahilik şəxsi maraqların içində deyil, xalqın taleyində parlayır. Dahilər öz ömürlərini özləri üçün yaşamırlar, millətin ağrısını ağrısı, sevincini  sevinci bilirlər. Onlar xalqın gələcəyi naminə düşünür, millətin taleyinə heç vaxt biganə qalmırlar. Dünyada çox belə nümunələr var. Fransa sarsılmadı, Şarl de Qoll vardı! Türkiyənin istiqlaliyyəti əyilmədi, çünki Atatürk öndə idi! Azərbaycan məhv olmadı, bölünmədi, parçalanmadı, Heydər Əliyev buna imkan vermədi! Tarix faktlarla sübut edir ki, yalnız güclü lider xalqı ayaqda saxlayır. Liderin qərarı, iradəsi və cəsarəti bütün xalqın taleyini dəyişir. Hər bir uğurlu dövlətin arxasında isə şübhəsiz belə dahilər olub. 
 
Ümummili lider Heydər Əliyev bizlərə o vaxt sahib çıxdı ki, dövlət, millət olaraq sözün əsl mənasında uçurumun kənarında dayanmışdıq. Ümidlər məhv olmuş, inam sarsılmış, xalqın taleyinin üzərində isə daha dəhşətli və amansız fəlakətlərin qara kölgəsi dolaşırdı. Ölkə özünü idarə edə bilməyən xaosun içində boğulur, daxili çəkişmələr və xaricdən yönələn planlar Azərbaycanı yıxmağa doğru addım-addım yaxınlaşırdı. Məhz belə bir anda böyük Heydər Əliyevin varlığı Azərbaycan üzərində qurulan bütün oyunları darmadağın etdi. Onun qətiyyəti, soyuqqanlılığı və siyasi iradəsi həm ölkə içində qurulan hesabları, həm də xaricdən yönəldilən xain niyyətləri kökündən məhv etdi. Heydər Əliyevin qəbul etdiyi çevik qərarlar yalnız müstəqilliyimizi ölümdən geri qaytarmaqla bitmədi, xalqın taleyini də müsbət mənada dəyişdi. Azərbaycanı məhvolma təhlükəsindən çəkib çıxardı və millətə yenidən nəfəs verdi.

Jan Jak Russo deyirdi ki, azadlıqdan əl çəkmək insanın öz ləyaqətindən əl çəkməsi deməkdir. Ötən əsrin sonlarında isə milli kimliyimizə düşmən kəsilən qüvvələr, bizi müstəqil görmək istəməyən xarici və daxili dairələr xalqı alçaldıcı itaətə sürükləməyə, azadlıq kimi ali dəyərdən uzaqlaşdırmağa çalışırdılar. Biz azad yaşaya, öz taleyimizin sahibi ola bilmərik kimi məntiqsiz düşüncələr sistemli şəkildə toplumun şüuruna yeridilir, ideoloji təzyiqlərlə insanların öz gücünə inamı sarsıdılırdı. Lakin Ulu öndər Heydər Əliyev Azərbaycanın qarşısını kəsməyə çalışan bütün cəbhələrlə qətiyyətlə mübarizə apararaq qələbə qazandı, göstərdi ki, azad və müstəqil yaşamaq xalqımızın sarsılmaz haqqıdır və milli ləyaqətimizi heç bir qüvvə əlimizdən ala bilməz. Heydər Əliyev ölkənin ən həssas dönəmlərində təhlükələrdən, təhdidlərdən çəkinmədən xalqın arzuladığı dövləti qurmağa nail oldu. Böyük öndər illərlə yalnız şeirlərin, mahnıların, düşüncələrin mövzusu olan ideyaları real dövlətçilik təcrübəsinə çevirdi. Onun yaratdığı dövlət təkcə regionda deyil, dünya siyasətində də söz sahibi oldu, beynəlxalq münasibətlərdə Azərbaycanın nüfuzunu möhkəmləndirdi, ölkəmizi qlobal diqqətin mərkəzinə gətirdi, vətənimizi iqtisadi baxımdan cazibədar və dinamik məkan etdi. Uzun müddət unudulmuş kimi görünən məmləkətimizdə yenidən həyat, enerji və inkişaf hiss olunmağa başladı. Sabitlik şəraitində respublika sürətlə irəlilədi, iqtisadi və sosial sahələrdə geniş islahatlar həyata keçirildi, bütün sahələrdə yenilənmə ruhu formalaşdı. Ümummilli lider özünəməxsus siyasəti ilə qeyri-mümkün görünən layihəni gerçəkləşdirərək ölkəmizin iqtisadi müstəqilliyini təmin etdi. Bütün maneələrə baxmayaraq Heydər Əliyev Azərbaycanın taleyini düzgün istiqamətə yönəldərək "Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu müqavilə təkcə iqtisadi məsələləri həll etməklə kifayətlənmədi, həm də Azərbaycanın siyasi mövqeyini gücləndirdi. Eyni zamanda bu tarixi addım ölkəmizin dünya arenasında tanınmasına imkan yaratdı və gələcək nəsillərə ümid verdi. Beləliklə, Azərbaycan üçün yeni inkişaf dövrü açıldı və strateji layihələrə zəmin hazırlandı.

Bu gün Vətən sevinir. Qürurla ayaq basdığımız, üzərində gəzməyə haqq etdiyimiz, uğrunda ölməyi şərəf bildiyimiz torpağımız, ucaldıqca ucalan bayrağımız ona görə var ki, biz müstəqilik, azadıq, qalibik, qüdrətliyik və sözümüz dünya qarşısında eşidilir. Çünki Vətənimiz, Azərbaycanımız var. Bütün bunlara ona görə nail ola bildik ki, xalqımızın içindən bir dahi doğulmuşdu. Onun varlığı və iradəsi bizi zirvəyə daşıdı. Biz xalqımızın əziz övladı, ən böyük azərbaycanlı Heydər Əliyevə Azərbaycan var olduqca borcluyuq. Onun uzaqgörənliyi sayəsində xalqımız birləşdi və vətənimiz gücünü, şərəfini qorudu. Bu gün biz onun yolunu izləyərək gələcəyə inamla addımlayır və Azərbaycanın qüdrətini daha da möhkəmləndiririk.

Ölüm qaçılmazdır və insan övladı onu yaşamağa məhkumdur. Lakin Heydər Əliyev ölümsüz doğulmuşdu. O, fiziki olaraq aramızda olmasa da, torpağa yox, ürəklərə köçdü. Hər bir azərbaycanlının qəlbinin ritmində yaşayan ürək adamına çevrildi. Bu gün  ölkəmizin hər bir övladı bu əvəzsiz liderin işıq saldığı yolda inamla addımladığını onun əbədi yaşadığı qəlbimizin dərinliklərindən yüksələn bir qürurla dərk edir. Bu baxımdan Ulu öndər sağdır, bizə miras qoyduğu bu ölkənin hər bir vətəndaşının ürəyində yaşayır.


Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı
 

Xəbər 63 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR