Reklam mesajlarına son

Reklam mesajlarına son

Azərbaycanda SMS-reklamlar qanunla məhdudlaşdırılıb.

Prezidentin imzaladığı və ötən həftə qüvvəyə minən `Reklam haqqında` yeni qanunla Azərbaycanda SMS-reklamlar məhdudlaşdırılıb.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə yeni qanunu şərh edən vəkil Əkrəm Həsənov məlumat verib.

O qeyd edib ki, qanunun maraqlı müddəalarından biri 23.1-ci maddəsində təsbit edilib. Burada qeyd olunur ki, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər: "Bu o deməkdir ki, mobil telefonlarımıza bezdirici (bəzən isə həm mənəvi, həm də maddi cəhətdən zərərli) SMS-reklamlar daha gəlməyəcək. Ona görə ki, mobil operatorların müştəriləri ilə mövcud müqavilələrində qanunun tələb etdiyi razılıq haqda müddəa bir qayda olaraq yoxdur".

Ə.Həsənov bununla belə, vətəndaşlara diqqətli olmağı məsləhət görür: "Əvvəla, bundan sonra vətəndaşlar mobil operatorlarla bağladığı müqaviləni diqqətli oxumalıdır. Çünki qarşı tərəf həmin "razılığ"ı daxil edə bilər. Digər tərəfdən, qanuna zidd olaraq vətəndaşın telefonuna SMS-reklam daxil olarsa, həmin istifadəçiyə müvafiq qurumlara şikayət etməyi məsləhət görərdim".

Vətəndaşların hansı qurumlara şikayət etmələrinə gəlincə Ə.Həsənov deyib ki, mobil operator "Reklam haqqında" qanunu pozarsa, vətəndaş İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, habelə birbaşa məhkəməyə müraciət edə bilər: "Amma məsləhətdir ki, məhkəməyə qədər adını çəkdiyim iki quruma şikayət etsin. Nəticəsi daha tez olacaq".

 
Xəbər 611 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR