Sabahdan etibarən Azərbaycanda çörəyin qiyməti qalxacaq.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə razılıq hazırda respublikamızda çörək istehsalı ilə məşğul olan iş adamlarının toplantısında əldə olunub. Məlumata görə, qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az-a açıqlamasında çörəyin qiymətində müşahidə olunan artımın normal olduğunu deyib: “İstehlak zəminində 36-dan çox malın hər birinin qiymətinin bahalaşdığı halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları 9 mərtəbəli binada oturub tək zavod çörəyinin 10 qəpik bahalaşmaması üçün mübarizə aparır. Bu, səhv siyasətdir. Çörək dövlət tərəfindən qiyməti tənzimlənməyən məhsuldur. İstəyən istehsalçı onu istədiyi qiymətə sata bilər. Ancaq sözügedən qurum bazar iqtisadiyyatına düz gəlməyən bir siyasət aparır. Çörəyin qiymətinin aşağı düşməsini istəyirlərsə, gömrük rüsumlarını aşağı salmalıdırlar, azad və liberal bazar şəraiti yaratmalıdırlar. Belə olarsa bolluq olar, qiymətlər aşağı düşər. Onsuz da çörəyin qiymətinin bu şəkildə qalması liberal bazar siyasətinə ziddir. Dövlət qiyməti aşağı salmaq üçün ayrı tədbirlər görməlidir”.