"Bakı şəhərinin 1-ci mikrorayonunun ərazisində aparılacaq yenidənqurma işləri zamanı yeni tikilən mənzillərin ümumi sahəsi sakinlərə məxsus olan mənzilin ümumi sahəsindən ən azı 10 faiz artıq olacaq".
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bu gün keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, həmin ərazilərdə çoxlu qeyri-yaşayış binaları var: "Əgər bu qeyri-yaşayış sahələrinin sahibləri istəsələr öz sahələrini birdəfəlik satıb, yeni tikilən binalardakı qeyri-yaşayış yerlərinə iddiaçı olmaya da bilərlər. Yəni belə variantlar da mümkündür. Bu işlər tərəflər arasında bağlanmış müqavilələrlə idarə olunacaq".
Qeyd edək ki, baş nazir Artur Rasi-zadə "Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə” qərar imzalayıb. Qərar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq imzalanıb
Qərarla Bakı şəhərinin 1-ci mikrorayonunun ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə həvalə edilib.
Aktual.az
Xəbər 292 dəfə oxunub.