Sentyabrın 14-də Qazax rayonunda millət vəkili Kamran Nəbizadə ilə sakinlərin görüşü baş tutub.
Görüşdə Qazax rayon millət vəkili Kamran Nəbizadə, "İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə, ölkə şöhrətli məşqçi Firdovsi Umudov, YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov və “Bələdiyyə” təşviqat qrupunun vəkili Nihad Allahyarlı iştirak ediblər.
Görüş zamanı çıxış edən Kamran Nəbizadə bütün vətəndaşları 26 sentyabr tarixində keçiriləcək ümumxalq səsverməsində fəal olmağa, dövlətimiz və millətimiz üçün yeni üfüqlər açan bu referendum aktı layihəsinə “HƏ” deməyə dəvət edib.
Həmçinin millət vəkili, təklif olunan referendum aktı layihəsində öz əksini tapan vitse prezidentlik inistutunun yaradılması, azad sahibkarlıq hüququ və prezidentlik müddətinin artılması ilə bağlı maddələrə geniş şərh vermişdir.
Daha sonra Qazax rayonu mədəniyyət mərkəzində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Görüş zamanı nitqlə çıxış edən, K. Nəbizadə gənclər üçün yeni imkanlar yaradan, yaş senzinin aradan qaldırılması məsələsinə toxunaraq, dövlət gənclər siyasətindən danışıb və hər bir gənci 26 sentyabr tarixində baş tutacaq ümumxalq səsverməsində aktiv iştiraka səsləyib.
Görüşün ardından qonaqlar rayonun icra başçısı Rəcəb Babaşovla birgə Qazax rayonun Ermənistanla sərhəd olan Məzəm və Quşçu Ayrım kəndlərinə səfər edib, yerli əhali ilə görüşüblər.