Referendum gözləntisi - Bələdiyyə seçkisi buna görə təxirə salınır? (DETALLAR)

Referendum gözləntisi - Bələdiyyə seçkisi buna görə təxirə salınır? (DETALLAR)

MSK yubanmanın səbəbini izah etmir - konstitusiyanın IX fəslində dəyişiklik zərurəti; yanvarın sonu və ya fevralın ilk həftəsində...

Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən başlayaraq, hər 5 ildən bir dekabr ayında keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə baş tutub. Təqvimə görə, bu il dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilməli idi. Ancaq artıq seçkinin bu il keçirilməyəcəyi bəllidir, ilin başa çatmasına iki aydan az vaxt qalıb. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov REAL TV-yə deyib ki, Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin tarixini noyabrın sonunadək elan edəcək.

MSK rəsmisi seçkinin ertələnməsinin səbəbini izah etməyib. Əsas ehtimallardan biri bələdiyyə seçkilərinin gecikməsinə səbəb kimi Bakıda COP29 kimi beynəlxalq səviyyəli tədbirin keçirilməsidir. Eyni zamanda bələdiyyələrdə birləşmə prosesi də bu səbəblər sırasındadır. Yada salaq ki, yerli əhalinin rəyini nəzərə almaqla 2 dəfə bələdiyyələrin birləşmə prosesi həyata keçirilib. 2009 və 2014-cü illərdə bəzi bələdiyyələr birləşdirildi. Nəticədə ölkə üzrə hazırda 1606 bələdiyyə fəaliyyət göstərir. Birləşmələrdən sonra ölkədə bələdiyyələrin sayının 834-ə enəcəyi gözlənilir.

Bələdiyyələrin birləşdirilməsi yerli özünüidarəetmədə qeyri-effektiv xərcləri azaldacaq və bu qurumların maliyyə-iqtisadi potensialını kifayət qədər genişləndirəcək. Bu da bələdiyyə üzvlərinin və qulluqçularının sosial təminatlarını yaxşılaşdıracaq, vətəndaşların bələdiyyə seçkilərinə və bələdiyyə qulluğuna marağını artıracaq. Amma ekspertlərə görə, bu birləşmə prosesinin nə vaxt bitəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

Digər bir məsələ çoxdandır ictimaiyyətdə müzakirə olunan referendumdur. Müxtəlif kütləvi informasiya vasitələrində dərc olunan xəbərlərdə iddia edilir ki, tezliklə ölkədə referendum keçiriləcək və bu referendumda bələdiyyələrlə bağlı bir sıra dəyişikliklər ediləcək. Ümumxalq səsverməsində yerli icra hakimiyyətlərinə məxsus bir sıra səlahiyyətlərin bələdiyyələrə verilməsi, yəni yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması məsələsi də müzakirəyə çıxarılacaq.

Həqiqətən, zaman-zaman Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin azlığı etibarsız institut olması müzakirə olunub. Ekspertlər yerlərdə idarəetmənin daha şəffaf və etibarlı təmin olunmasını təşkil etmək üçün bələdiyyələrin səlahiyyətlərinin artırılmasını zəruri hesab edir. Qeyd edək ki, Azərbaycan Konstitusiyasının IX fəsli bələdiyyələrə həsr olunub. Dəyişiklik olacağı təqdirdə bu fəsildə bir sıra yeniliklər öz əksini tapa bilər.

Maraqlıdır, seçkilərin təxirə salınmasına səbəb nədir? Növbəti bələdiyyə seçkiləri nə vaxta təyin edilə bilər?

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı "Yeni Müsavat”a bildirdi ki, seçkilərin dekabr ayında keçirilməyəcəyi artıq aydındır: "Seçkinin ertələnməsi dövlət siyasətidir. Müxtəlif versiyalar var. Həmin versiyaların hər birinin özünəməxsus həqiqət payı ola bilər. MSK sədrinin müavininin açıqlaması rəsmi mənbənin mövqeyidir. Bu baxımdan, noyabrın sonlarında seçkinin keçirilməsi barədə qərar verilsə, o deməkdir ki, bələdiyyə seçkiləri yanvarın sonu və ya fevralın ilk həftəsində ola bilər. Seçkilərin keçirilməsi MSK-nın səlahiyyəti daxilindədir. Şübhəsiz ki, bələdiyyə seçkiləri bir neçə ay ertələnməklə olsa da keçiriləcək. Mən hesab edirəm ki, seçkinin bir qədər ertələnməsi ölkəmizdə bu ay böyük beynəlxalq tədbirin keçirilməsi və bələdiyyələrin statusunun genişləndirilməsi ilə bağlıdır. Dekabr ayında seçki keçirilsəydi, noyabr ayında seçki kampaniyası olmalıydı. COP29 tədbirinin keçirildiyi vaxtda seçki kampaniyasının da keçirilməsi düzgün olmazdı. Bələdiyyələrin statusunun genişləndirilməsi prosesi başlayıb. Bələdiyyələrin birləşdirilməsi və sayının yarıya qədər azaldılması barədə ötən ay qanuna edilən dəyişiklik bu prosesin start götürməsi deməkdir. Bu proses yekunlaşdıqdan sonra bələdiyyə seçkilərinin vaxtının təyin olunması da istisna deyil”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirdi ki, MSK sədrinin müavini Rövzət Qasımov seçki ilə bağlı qərarın nə zaman elan olunacağını açıqlayıb:"Qanunvericiliyə görə, seçkinin keçirilməsi üçün ölkə Prezidentinin sərəncamı olmalıdır. Bu, birbaşa Prezidentin səlahiyyətinə aid olan məsələdir. Prezidentin sərəncamından sonra MSK seçkinin keçirilməsini təşkil edir. Hər zaman olduğu kimi, yenə də bu cür olacaq. İndiki vəziyyətdə ancaq ehtimal olaraq bələdiyyə seçkilərinin gecikməsinə səbəb kimi Bakıda COP29 kimi beynəlxalq səviyyəli tədbirin keçirilməsini deyə bilərik. Bələdiyyələrdə birləşmə prosesi artıq Milli Məclisdə yekunlaşıb, parlament qərar qəbul edib. 1600 bələdiyyəni birləşdirib 834 ediblər. Referendumun gələcəkdə keçirilib-keçirilməyəcəyi barədə ancaq ehtimal irəli sürə bilərik”.

Xəbər 1725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR