Azərbaycan Beynəlxalq Bankı (ABB) mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev tutduğu vəzifədən istefa verməsinin səbəbini açıqlayıb.
Aktual.az xəbər verir ki, o, azvision.az-a bildirib ki, peşəsi jurnalist olduğundan yenidən mətbuata qayıtmaq istəyir: “Uzun illər jurnalist kimi fəaliyyət göstərmişəm. Yenidən mətbuata qayıdıb, sözümü demək istərdim. Peşəm üçün darıxmışam. Ona görə də istefa verdim”.
R.Ağayev bildirib ki, bundan sonra həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə fəaliyyətini davam etdirəcək.
“Demək olar ki, hər şey hazırdır. Bundan sonra fəaliyyətimi mətbuatda davam etdirəcəyəm. Elektron qəzetin dəqiq nə vaxt fəaliyyətə başlayacağını deyə bilmərəm. Amma qeyd edim ki, işə başlamaq üçün hər şey hazırdır. Həmin qəzetə daha çox təhlil, analitik, köşə yazıları yer alacaq. Vaxtilə birlikdə jurnalist işlədiyimiz, indi isə dünyanın müxtəlif yerlərində çalışan jurnalist dostlarımızı da bu elektron qəzet ətrafında cəmləşdirəcəyik. Dünya mətbuatında da tanıdığım dostlarım var. Onlar da qəzetimizlə əməkdaşlıq edəcəklər”.
Qeyd edək ki, R.Ağayev Azərbaycan Beynəlxalq Bankı (ABB) mətbuat xidməti vəzifəsinə 14 il əvvəl təyin edilmişdi.