Kreml Çeçenistan prezidenti Ramzan Kadırovun hakimiyyətdən getmək istəyi ilə bağlı açıqlama verib.
Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, Çeçenistan prezidenti postuna kiminsə təyin olunması hələlik müzakirə olunmur. Ramzan Kadırov səlahiyyət müddətinin başa çatmasını gözləməlidir. Bundan başqa, bu məsələ üçün Rusiya prezidentinə müraciət olunmalıdır və yalnız onun qərarından sonra Çeçenistanın rəhbərliyi müəyyən oluna bilər.
“Ümumilikdə Rusiya regionlarının rəhbərlərinin işlərinin səmərəliyi və onların qiymətləndirilməsi yalnız Rusiya prezidenti Vladimir Putinin mülahizə və son qərarından asılıdır”, - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Kadırovla bağlı suala cavab verərkən deyib.
Peskov onu da əlavə edib ki, Çeçenistana kiminsə rəhbər təyin olunması üçün müddət lazımdır: "Həm də biz gözləməliyik ki, Rusiya prezidenti bununla bağlı ya hansısa bir təklif və ya variant versin".
Katibin sözlərinə görə, Çeçenistanda prezident seçkiləri zamanı Ramzan Kadırovun adının prezidentliyə namizədlər siyahısnda olmaması, ölkədə sabitliyi pozmayacaq.
“Yadınızdan çıxarmayın ki, digər regionlar kimi, Çeçenistan da Rusiya Federasiyasının tərkib hissəsinə aiddir. Həm də unutmayın ki, bu regionda digərlərindən fərqli olaraq, Rusiyanın qanunları daha çox keçərlidir”, - deyə Dmitri Peskov vurğulayıb.
Fevralın 27-si Çeçenistan Republikasının rəhbəri Rusiyanın NTV telekanalının “Mərkəzi televiziya” verilişinə müsahibə verərək, hakimiyyətdən getmək istədiyini bildirib. Onun sözlərinə görə, o, adının xalqına qarşı istifadə olunmasını istəmir. Odur ki, vəzifəsindən getmək vaxtı çatdığını hiss edir və yerinə başqa bir insanın təyin olunması üçün ölkə rəhbərliyinə bununla bağlı müraciət də edib.
“Düzünü desəm, mən işimi görürəm və bu günə kimi yaxşı da alınıb. Bundan sonra mənim adımı xalqıma qarşı istifadə etməsinlər deyə, hesab edirəm ki, hökumət başqa adam tapmalıdır. Odur ki, mənim vaxtım başa çatıb. Mən getməliyəm. Yerimə gəlməyə isə komandamızda savadlı mütəxəssislər çoxdur”, - deyə R.Kadırov qeyd edib.
Ramzan Əhmədoğlu Kadırov - 5 oktyabr, 1976-cı ildə Çeçenistanın Tsentoroi şəhərində anadan olub. Çeçenistan Respublikasının üçüncü dövlət başçısıdır. Ölkənin ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonraVladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikasına rəhbər təyin olunub. İlk dəfə olaraq parlament onu Çeçenistan rəhbəri vəzifəsinə 2007-ci ilin martın 2-də 4 il müddətinə təyin edib. Lakin 2007-ci ilin sonunda prezidentin və parlamentin səlahiyyətlərinin müddətinin dəyişdirilməsi barədə dörd ildən beş ilədək ümumxalq referendumunda konstitusiyaya düzəlişlər edilib. İkinci müddətə (artıq beş il) Kadırovun namizədliyi 2011-ci il martın 5-də Çeçenistan parlamenti tərəfindən təsdiq edilib. Beləliklə, bu ilin mart ayında respublika başçısının səlahiyyətləri başa çatır.
// Aktual.az