"Azərbaycan cəmiyyəti bilir ki, Ramiz Məliki geyim üçün etdiyi iradla bağlı yox, məni, ailəmi, anamı əxlaqsız sözlərlə təhqir etdiyinə görə məhkəməyə vermişəm. Məhkəmə predmeti məhz budur”.
Bunu APA-ya xalq artisti Məleykə Əsədova deyib. O qeyd edib ki, Ramiz Məlik cəmiyyətə yanlış informasiya ötürməklə məşğuldur: "Ramiz Məlikin saytlara verdiyi açıqlamaları oxuyanda dəhşətə gəldim. Deyir ki, Məleykə Əsədova xalq artistidir, bu olanlar ona yaraşmaz, mən onu təhqir etməmişəm, öyüd-nəsihət vermişəm. Sual verirəm: Ramiz, sənin dünyanda ailəni əxlaqsız sözlərlə ictimaiyyət qarşısında söymək təhqir deyil? Deyirsən, əlli illik təcrübən, 74 yaşın, ağ saçların var. Sən nəyə görə 74 yaşından, ağ saçlarından, işlədiyin kollektivdən, bizi alqışlayan tamaşaçılardan utanmadan, hörmət etmədən, səninlə illərdir, səhnəni bölüşən, bir neçə tamaşada tərəf müqabili olan iş yoldaşını və onun ailəsini ictimaiyyət qarşısında təhqir etdin? Bu, sənin dediyin kimi, 50 illik iş təcrübənə, 74 yaşına, ağ saçlarına yaraşar? Sən yenə də səhv informasiya yaymaqla, şantaj etmək, böhtan atmaqla özünü cəmiyyət qarşısında təmizə çıxarmaq, haqsız ola-ola haqlı kimi təqdim etməyə çalışmaq, özünü günahsız tərəf kimi göstərməyə cəhd etmək, əməllərinə görə səni gözləyən məsuliyyətdən yaxa qurtarmağa çalışırsan. Amma bu, boş cəhddir. Çünki mən ölkəmizin ədalət məhkəməsinə güvənirəm”.
M. Əsədova əlavə edib ki, illərdir, teatrda bu kimi qalmaqallar ancaq Ramiz Məlikin adı ilə bağlıdır: "Keçən il olan qalmaqal unudulmamış, yenə heç kimlə işi olmayan, öz balaca dünyasında hər kəsə xoşbəxtlik arzulayan, Allahına bağlı olan bir qadınla qalmaqal yaratdın. Bununla iç dünyanın "tərbiyə zənginliyi”ni göstərdin. Hamı bilir ki, valideynlərimə nə qədər böyük hörmət, sevgi ilə yanaşmışam. Onlar dünyasını dəyişsə də, ruhları hər zaman mənimlədir. Mən səni bağışlasam, atamın-anamın ruhu məni bağışlamaz. Üzümü Ramiz Məliki məhkəməyə verdiyimə görə məni qınayan bəzi insanlara tuturam: siz dünyasını dəyişmiş valideynlərinizə böhtan atıb, əxlaqsız sözlərlə onları təhqir edəni bağışlayarsınız? Ramiz Məlik gedib atamla anamın məzarı qarşısında onların ruhlarından üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir”.
Aktual.az
Xəbər 1115 dəfə oxunub.