Ramiz Mehdiyevin “sağ əli”: Çevriliş xəbərləri və kölgədəki adam...

Ramiz Mehdiyevin “sağ əli”: Çevriliş xəbərləri və kölgədəki adam...

44 gün davam edən və Azərbaycan Ordusunun parlaq qələbəsiylə başa çatan Vətən Müharibəsindən sonra ölkəmizdə yeni siyasi şərait yaranıb. Düşmən yerində oturdulsa da, diplomatik müstəvidə mübarizə səngimək bilmir. Azərbaycanın siyasi hakimiyyəti, ölkənin xarici siyasət kursunu həyata keçirən təsisatlar beynəlxalq müsatəvidə erməni yalanlarını faş etməklə məşğuldurlar. Tezliklə düşmənin bütün cəbhələrdə diz çökdürüləcəyi şübhə doğurmur.
 
"Yeni Sabah” bildirir ki, Vətən Müharibəsinin başa çatması ölkədə siyasi müzakirələri yenidən aktuallaşdırıb. İndi Azərbaycanın gələcəyilə bağlı ən müxtəlif düşərgələri təmsil edən şəxslərin rəylərinə tez-tez rast gəlmək mümkündür. Təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda baş verən hadisələrə fərqli münasibət ölkədə maraqlı diskussiya mühiti yaradıb. Hazırda siyasi arenada ən müxtəlif insanlarla qarşılaşmaq, fərqli səslər eşitmək mümkündür.
 
Müharibədən əvvəl və sonrakı dövrdə fəaliyyəti diqqət mərkəzində olan şəxslərdən biri də AMEA prezidenti Ramiz Mehdiyevdir. Adıçəkilən quruma rəhbərlik edəndən sonra yazdığı silsilə məqalələr və verdiyi bəyanatlarla gündəmə gələn qocaman akademik uzun müddətdir mətbuatın maraq daiəsində olmağı bacarır. Belə ki, o, AMEA-nın saytını şəxsi bloquna çevirməklə xeyli müddət yerli KİV-i məşğul etdi. İndi isə həyata keçirdiyi kadr dəyişiklikləri və "gecəyarısı həmləsi” ilə gündəmi zəbt edib. Qocaman akademikin Milli Məclisin 15 deputatını məhkəməyə verməsindən sonra onun personasına maraq daha da artıb.
 
Qeyd edək ki, Ramiz Mehdiyevin fəaliyyəti həmişə siyasi analitiklərin diqqət mərkəzində olub. AMEA prezidentinin perspektivdə atacağı addımlarla bağlı müxtəlif mülahizələr səsləndirilir. Hətta ölkədə çoxları onu "beşinci kolon”un nümayəndəsi hesab edir. Bir qədər də irəli gedərək, Mehdiyevin xarici qüvvələrin dəstəyilə çevriliş hazırlamaq arzusunda olduğunu dilə gətirənlər də var. Bu cür ciddi ittihamların müəllifləri arasında təkcə həvəskar deyil, həm də peşəkar siyasət adamlarının da olması vəziyyətin ciddiliyindən xəbər verir. Mehdiyevin gələcək planlarına işıq tutan siyasət adamlarının arasında Milli Məclisin vitse-spikeri Adil Əliyevin, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının, Milli Məclisin üzvü Vahid Əhmədovun da olması analitikləri uzaqgörən nəticələr çıxarmağa vadar edib.
 
Hazırda ən çox maraq doğuran məsələlərdən biri də AMEA prezidentinin yaxın ətrafına daxil olan adamların bu proseslərə seyrçi qalmasıdır. Milli Məclisin deputatları, stajlı siyasətçilər və müstəqil ekspertlər Ramiz Mehdiyevin hakimiyyət komandasının "ayağının altını qazdığını” bəyan etsələr də, onun yaxın ətrafı, yəni, akademik çevrə sükutu pozmamaqda israrlı görünür. Onlar qocaman akademikin nəinki siyasi mahiyyət daşıyan bəyanatlarına, hətta AMEA-dakı yerdəyişmələrinə, bu qurumun saytını məişət mövzularıyla "bəzəməsinə” də laqeyd qalmaqda davam edirlər. Bu sükut özlüyündə yeni şübhələrə yol açır.
 
Xatırladaq ki, 44 günlük Vətən Müharibəsi dövründə "kölgəyə çəkilən”, əzəli düşmənimiz olan ermənilərə qarşı mübarizədə meydanda görünməyən, qələbədən sonra yenidən siyasi arenada zühur edən Ramiz Mehdiyevin yaxın ətrafından söhbət gedəndə ağla ilk gələn isim AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri, professor, keçmiş deputat Elton Məmmədov olur. Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı olan Elton Məmmədov məhz Prezident Administrasiyasının sabiq rəhbərinin sayəsində hakimiyyət iearxiyasında sürətlə irəliləməyə nail olmuş, bir neçə dəfə deputat mandatıyla mükafatlandırılmışdı. Ramiz Mehdiyev AMEA prezidenti seçiləndən sonra Elton Məmmədov bu quruma ayaq açmış, 27 noyabr 2019-cu ildə AMEA Yüksək Texnologiyalar Parkının direktoru təyin edilmişdi. Yüksək Texnologiyalar Parkının zəngin maddi-texniki bazası olmasına rəğmən Ramiz Mehdiyev dostunun uzun müddət bu vəzifədə qalmasına razı olmamış, sonradan onu AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri təyin etmişdi. Hazırda Elton Məmmədov AMEA-da Ramiz Mehdiyevin "sağ əli” hesab olunur.
 
 
Qeyd edək ki, məmmədovlar klanının Ramiz Mehdiyevlə həmişə isti münasibətləri olub. Xatırlayırsınızsa, hələ ötən ilin yayında akademikin Ucarda Ziya Məmmədovun dəbdəbəli villasında dincəldiyinə dair məlumatlar yayılmışdı. Ziya Məmmədovun Göyçayın Hüngütlü kəndində Ramiz Mehdiyevə dəbdəbəli villa bağışladığına dair xəbər isə çoxdan ictimailəşdiyi üçün bunun üzərində çox dayanmaq istəmirik.
 
Azərbaycanda "beşinci kolon”un fəallaşması fonunda həmişə hakimiyyətə və dövlətçiliyə sadiq olduqlarını iddia edən məmmədovların susması birmənalı qarşılana bilməz. Hadisələrin təhlili göstərir ki, hazırda Elton Məmmədovu və onların yaxın ətrafını Azərbaycandakı iqtisadi inkişafdan və sabitlikdən daha çox öz maraqları düşündürür. Ziya Məmmədovun bir neçə gün əvvəl mətbuata verdiyi açıqlama da bunu sübut edir. Ölkənin "beşinci kolon”un təhdidi ilə üz-üzə qaldığı bir vaxtda sabiq nazirin kənddə arpa əkməyindən, mal-qara saxlamağından danışması təkcə vecsizlik nümunəsi deyil, həm də uzun illər təmsil olunduğu hakimiyyət komandasına, onun perspektivinə laqeyd münasibətinin göstəricisidir. 
 
Professor Elton Məmmədovun da bu məsələdə qardaşından fərqləndiyini söyləmək mümkün deyil. Ölkənin tanınmış siyasət adamlarının həyəcan təbili çaldığı bir vaxtda keçmiş deputatın ağzına su alıb susması xoş niyyətin təzahürü deyil. Azərbaycanın Vətən Müharibəsindən qalib ayrıldığı üçün təkcə ermənilərin deyil, həm də onların havadarlarının diplomatik hücumuna məruz qaldığı, "beşinci kolon”un diliylə təhdid olunduğu bir vaxtda bu ölkənin sərvətlərindən ən çox faydalanan bir ailənin sükutu pozmamaqda israr etməsi təkcə təəssüf doğurmur, həm də çoxsaylı suallar doğurur. Məmmədovların cavabsız buraxdıqları sualların sayı isə getdikcə artır.
 
Siyasi tariximizdə sualların qarşısında aciz qalan adamların özlərinin bir gün sual işarəsi kimi bükülmək təcrübəsi var...
Xəbər 1012 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR