Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin aparıcı məsləhətçisi Ramin Cəfərovla müsahibəni təqdim edirik.
- Hər il fevralın 2-si Azərbaycanda Gənclər günü kimi qeyd edilir. Bu günün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
-1 fevral 1997-ci il tarixdə forumun il dönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ümummilli lider Heydər Əliyev "2 fevral - Azərbaycanda gənclər gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycanda gənclər günü kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Ümummilli lider Heydər Əliyev Azərbaycanda Gənclər gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edib və gənclərə müraciətlə bildirib: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik."
- Sizcə, dövlətimiz tərəfindən həyata keçirilən gənclər siyasəti özünü hansı istiqamətlərdə daha bariz şəkildə göstərir?
- Təməli Ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar nəticəsində çiçəklənmə dövrünü yaşayır. Son illərdə gənclərimizin səsi beynəlxalq forumlardan, toplantılardan daha çox eşidilməkdədir. Avropada, ABŞ-da, Asiyada təhsil alan gənclərimizin Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq istiqamətindəki səyləri müsbət nəticələr verir. Bununla belə, biz hələ proseslərin başlanğıcındayıq. Fikrimcə, əldə etdiyimiz hər bir nəticəni daha da inkşaf etdirə bilərik. Mən ölkə gəncliyinin buna qadir olduğuna inanıram. Dünya ölkələrində Azərbaycanı təmsil etməyimiz yalnız qısamüddətli forum və toplantılarda iştirakla bitməməlidir. İnanıram ki, istedadlı gənclərimiz yaxın gələcəkdə BMT, Avropa Şurası, ATƏT və başqa beynəlxalq qurumlarda ölkəmizi təmsil etmə hüququ qazanacaq, beynəlxalq layihələrə koordinatorluq edəcəklər. Ölkədə fəal vətəndaş cəmiyyəti formalaşıb. Vətəndaş cəmiyyətinin mühüm bir hissəsini də gənclər təşkil edir. Cənab Prezidentin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək nəticəsində ölkədə qeyri-hökumət təşkilatlarının potensialı artmaqdadır.
- Gənclərin özünü tam ifadə etməsi üçün daha hansı təkliflər irəli sürərdiniz?
- İlk növbədə gənclərimiz təşəbbüskar olmalıdırlar, yeni idealarla çıxış etməlidirlər. Bü gun ölkəmizdə gənclərin ideyalarını həyata keçirmələri üçün milli donor institutları yaradılmışdır, təhsil almaları üçün müxtəlif dövlət proqramları hazırlanmış, qanunlar qəbul olunmuşdur. Gənclərin sağlam həyat tərzi sürmələri üçün müxtəlif regionlarda Olimpiya kompleksləri tikilib onların istifadəsinə verilmişdir. Boş vaxtlarının səmərəli təşkili üçün gənclər evləri fəaliyyət göstərir. Bu gün artıq hər bir Azərbaycan gənci üzərinə düşən yükü anlamalıdır. Hər atılan addımlarda ilk növbədə dövlətçilik ənənələrimiz qorunmalı, inkşaf etdirilməlidir.
- Sonda Gənclər günü ilə bağlı gənclərə sözünüzü eşitmək istərdik.
- Bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərimiz üçün hər cür imkanlar yaradılmışdır və biz də vətəndaş cəmiyyətinin bir nümayəndələri kimi çalışırıq ki, bütün gənclər bu imkanlardan maksimum istifadə etsinlər. Mən xüsusilə qeyri-hökümət təşkilatlarının rəhbərlərinə müraciət etmək istəyirəm ki, təşkilatın fəaliyyətinə, layihələrin icrasına mütləq gənclər cəlb olunmalıdır. Beynəlxalq layihələrdə iştirak etmək üçün gəncləri praktik şəkildə hazırlamaq vacib məsələdir. Gənclər xüsusən xaricdə iştirak etdikləri hər tədbirdə ilk növbədə müstəqil Azərbaycan Respublikasını təmsil etmək kimi şərəfli bir tapşırığın məsuliyyətini dərk etməlidirlər. Sonda demək istəyirəm ki, arzularınızın arxasınca gedin, vətəninizi sevin, dövlətinizə sadiq olun. Belə olacağı təqdirdə bütün yollar sizi uğura aparacaq! (azxeber.com)
//Aktual.az
Xəbər 1470 dəfə oxunub.