Ramil Usubov 113 gənci rəis vəzifəsinə təyin etdi

Ramil Usubov 113 gənci rəis vəzifəsinə təyin etdi

Mayın 21-də Daxili İşlər Nazirliyində (DİN) cari ilin əvvəllərində kütləvi informasiya vasitələrində verilən elanlara uyğun olaraq, xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin qaliblərinin orta rəis heyəti vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

Aktual.az Milli.Az-a  istinadən xəbər verir ki, DİN-dən bildiriblər ki, nazir, general-polkovnik Ramil Usubov iştirakçıları əlamətdar hadisə - zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov respublikanın ərazi polis orqan və hissələrində vakant olan orta rəis heyəti vəzifələrinə qəbul üzrə keçirilmiş müsabiqənin şərtlərinə əsasən, dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası üzrə bitirmiş 183 məzunun sənədlərinin qəbul edildiyini, Müsahibə Komissiyasından keçərək müsbət nəticə əldə etmiş 113 nəfərin Nazirliyə dəvət edildiyini bildirib. Daxili işlər nazirinin müvafiq əmri ilə müsabiqənin qaliblərindən 31 nəfəri əməliyyat müvəkkili, 71-i sahə inspektoru, 5-i təhqiqatçı, 3 şəxs kadr üzrə inspektor, 3 namizəd isə qeydiyyat və şəxsiyyət vəsiqəsi inspektoru vəzifələrinə təyin ediliblər. Onlardan 6 nəfəri qadınlardır.

Daxili işlər naziri gənc zabitlərə tapşırıq və tövsiyyələrini verib. Nazir prezident İlham Əliyevin gənc kadrların hazırlanması və irəli çəkilməsi işinə hər zaman xüsusi önəm verdiyini, nitq və çıxışlarında bunun gələcəyimizi şərtləndirən mühüm amillərdən biri kimi vurğuladığını xatırladıb: "Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların mütləq əksəriyyəti ali hüquq təhsilli hüquqşünaslardan ibarətdir".

Daxili işlər naziri Ramil Usubov onları bir daha təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyyə edib.

Nazir əmin olduğunu bildirib ki, gənc zabitlər bu yöndə səylərini əsirgəməyəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, göstərilmiş etimadı layiqincə doğruldacaqlar.

Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR