Ramil Caniyevin cəsədi Azərbaycana göndərilir

Ramil Caniyevin cəsədi Azərbaycana göndərilir

Rusiyanın Çelyabinsk vilayətində qətlə yetirilən Ramil Caniyevin cəsədi sentyabrın 14-də Azərbaycana göndəriləcək.

Aktual.az-ın məlumatına görə, bu barədə APA-nın Rusiya müxbirinə Çelyabinskdəki Azərbaycan diasporunun rəhbəri, "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rəfail Quliyev bildirib.
Onun sözlərinə görə, mərhumun cəsədi artıq neçə gündür ki, morqdadır: "Sabah burada vida mərasimi keçiriləcək. Bu həftənin dördüncü günü isə Ramilin cəsədi dəfn olunmaq üçün vətənə - Cəlilabad rayonuna göndəriləcək".
Diaspor rəhbəri mərhumun Rusiya vətəndaşı olduğunu söyləyib: "Ramil Caniyevin atasıgil çoxdan Çelyabinskdə yaşayırlar. Mərhumun burada çoxlu qohum-əqrəbası var. Əmisi uşaqları da idmançıdırlar. Burada hər zaman Azərbaycanın bayrağını qaldırırlar. Onlar əslən Azərbaycanın Cəlilabad rayonundandırlar. Ramil də idmançı idi. Atasına işlərində kömək edirdi. Hamımız bu hadisədən şokdayıq. Ramilin heç kəslə konflikti yox idi. Onun qətlində şübhəli bilinən Eldəniz Bağırov isə Çelyabinskdə yaşayan deyil. Onu burada heç kəs tanımır, qohum-əqrəbası da yoxdur".
R. Quliyev qətldə şübhəli bilinən Eldəniz Bağırovun axtarışa verildiyini söyləyib: "Deyilənə görə, Ramillə Eldənizin arasında hadisədən bir həftə qabaq mübahisə olub. Heç kəs dəqiq deyə bilmir ki, mübahisə nə üstündə düşüb. Heç kəsin ağlına belə gəlmirdi ki, mübahisənin sonu belə olacaq".
Diaspor rəhbəri hadisədən sonra "OMON"-un Çelyabinskdəki "Bakinskiy dvorik" restoranına basqın etməsi ilə bağlı Rusiya KİV-də gedən məlumatlara da aydınlıq gətirib: "Ramil ölən günü camaat "Bakinskiy dvorik"də onun yas məclisinə yığılmışdı. Həmin gün də Çelyabinskdə "Şəhər günü" keçirilirdi. Polisə kimsə məlumat verib ki, guya ölən və öldürən tərəflər "Bakinskiy dvorik"də "razborka"ya yığışıb. "OMON" da bunun qarşısını almaq üçün  restoranda əməliyyat keçirib".
R. Quliyev hüquq-mühafizə orqanlarının cinayət işi ilə bağlı araşdırma apardığını bildirib.
Qeyd edək ki, sentyabrın 8-də kik-boksinq üzrə dünya kubokunun qalibi, 1992-ci il təvəllüdlü Ramil Caniyev Rusiyanın Çelyabinsk şəhərində Ostrovski küçəsində yerləşən evinin həyətində güllələnib. Ağır yaralanan Caniyev xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR