Ramazan ayında televiziyalarda dini mövzuda verilişlər verilsə, ən çox elə həmin verilişlərə baxılacaq. Biz ateist dövlət deyilik, dünyəvi dövlətik. Dünyəvi dövlət olduğuna görə, dinimizə böyük hörmətlə yanaşırıq. Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.
Komitə sədrinin fikrincə, bu məsələdə televiziyaların əl-qolunu kimsə bağlamır: "Onlar istədiyi din xadimini televiziyaya dəvət edə bilərlər. Məsələn, akademik Vasim Məmmədəliyevin verilişinə insanlar məmnuniyyətlə baxırlar. Çünki o bu sahədə patriarxdır. Televiziyalar din xadimlərini efirə dəvət edə bilərlər. Amma din xadimini şou proqramına dəvət edib orada dindən danışmaq anormallıqdır. Belə verilişə kimsə baxmayacaq".
M.Qurbanlının fikrincə, şou proqramlarla reytinq dalınca qaçan televiziyalar bu ərəfələrdə İslam dini, Ramazan ayı ilə bağlı verilişlər hazırlasaydılar, daha çox reytinq qazanardılar: "Ramazan ayı ilə bağlı özəl televiziyalar elə proqramlar hazırlaya bilərdilər ki, insanlar onlara saatlarla baxardı. Belə verilişlər olmadığından indi Azərbaycan tamaşaçısı əksər hallarda xarici televiziyalara, daha çox isə Türkiyə telekanallarına baxır. Əgər bizim televiziyaların proqramlarını araşdırsalar görərdilər ki, Ramazan ayında onlara baxan yoxdur. Çünki insanlar indi məhz dini mövzuda məsələləri dinləmək, maariflənmək istəyirlər. Bu heç də o demək deyil, o həmin verilişə baxandan sonra hansısa radikal cərəyanın təsiri altına düşəcək. Əsl İslamı dinləyəndə o, heç kimin təsiri altına düşməyəcək. Düşünürəm ki, televiziyaların bu yöndə imkanları var idi. Bundan istifadə edəndə, etməyən də özü bilərhellip;"
M.Qurbanlının fikrincə, ümumiyyətlə kütləvi informasiya vasitələri cəmiyyətə nəyi təbliğ və təşviq etmələrinə ciddi yanaşmalıdırlar: "Hazırda təkcə Azərbaycanda yox, digər ölkələrin telekanalları da böhran yaşayır. Bunun nəticəsində ictimai rəy nəzərə alınmadan yalnız merkantil iqtisadi maraqlar üzə çıxır və daha çox baxılması istənilən verilişlərə üstünlük verilir. Buna da şou deyilir. Fərqi yoxdur, realiti, şoular, uydurma proqramlar düzəldilir. Vaxtilə qəzetlər də "qanuni oğrular", "avtoritetlər" barədə çox yazırdılar. Sual olunur, bununla sən nəyi təbliğ edirsən? Belə çıxır ki, sən oğurluğu təbliğ edirsən. Axı belə olmaz. Bəzən deyirlər ki, buna cəmiyyətdə tələbat var. İndi tələbat var deyə, sən pornoqrafiyanı təşviq etməlisən? Hannibalizmə tələbat varsa, onu təbliğ etməlisən? Əksinə, son onun qarşısını almaqla məşğul olmalısan. Cəmiyyət maye kimidir. Onu hara yönəltsən, o istiqamətə axacaq, hansı qaba töksən, o formanı alacaq. Zövqləri mühit müəyyənləşdirir. Çünki ətraf mühit, insanlar, toplum zövqə çox təsir edir. Ona görə də bu məsələdə çox ehtiyatlı olmaq lazımdır".