Davamlı yuxu sağlamlıq üçün nizamlı qidalanma və fiziki aktivlik qədər vacibdir. Xüsusən də elektrik alətləri yuxu keyfiyyətini aşağı salır. Aktual.az lent.az-a istinadən türkiyəli həkim-mütəxəssis Sinan Akkurtun davamlı yuxu ilə bağlı məsləhətlərini təqdim edir. O, bildirir ki, yuxuya getmək, yatmaq və səhər oyanmaqda çətinlik çəkirsinizsə, səhərləri yorğun oyanırsınızsa, bunun səbəbi elektrik cihazları ola bilər.
Yuxu zehin və bədənin yenilənməsidir
Sirr deyil ki, son dövrlər yuxusuzluqla bağlı şikayətlər artıb. Qış aylarının yaratdığı mənfi psixoloji faktorlar, həddən çox kafein qəbulu, stress, siqaret və elektromaqnit çirklənməsi yuxusuzluğa səbəb olur. S. Akkurtun sözlərinə görə, gecələr yuxuya getmə, yuxu müddətini davam etdirmək problemi yaşayan insanlar yuxarıda sadalanan səbəbləri gözdən keçirərək onlara hansının daha çox təsir etdiyini aydınlaşdırmalıdırlar. Xüsusən də həddən çox elektromaqnit yüklənmələri həm yuxuya getmə, həm də sakit bir formada yatmağı çətinləşdirir.
Həkim elektromaqnit cihazlarının immunitet sistemini zəiflətdiyini iddia edir: "Yaxşı qidalanmanız, aktiv bir həyat tərzi yaşamağınıza baxmayaraq səhərləri yenə də yorğun və çətin oyanırsınızsa, bunun səbəbi telefon, kompüter, televizorla çox vaxt keçirməyiniz və xüsusən də bunların yataq otağınızda olmasıdır. Bədən gücü çatmayacaq qədər elektromaqnit kirlənməsinin meydana gətirdiyi mobil stress səbəbindən gücünü itirir, adam özünü yorğun və halsız hiss edir. Diqqət yönəltmə, konsentrasiya problemləri və bir çox xəstəliklərə səbəb olur".
S. Akkurt təbii daşları otaqlardan çıxarmağı məsləhət görür. O bildirir ki, yataq otağı və onun yaxınlığında işlək vəziyyətdə cib telefonu, televizor, kompüter və digər elektromaqnit dalğalı əşyalarla təbii daşlı bəzək əşyası və aksessuarların olması qəti qadağandır. Onların ayrı-ayrı yerlərdə saxlanması lazımdır: "Ən azı ildə bir dəfə elektromaqnitdən təmizlənmə proqramı tətbiq edilməli, yuxuya getməyi asanlaşdırmaq üçün telefonla oynamaq əvəzinə təbii imkanlardan yararlanmaq faydalıdır. Bunlardan başqa da qidalanmanızda ilıq süd, ayran, çobanyastığı, melisa çayı, banan, badam, kətan toxumu, bal, qaysı, yemiş kimi qidalara yer verilməlidir".