Qusar rayonunun Kuzun kəndinə güclü leysan yağıb.
Aktual.az anspress-ə istinadən bildirir ki, leysan nəticəsində 2 ev uçub.
Həmçinin kəndlərarası yolda körpü dağılıb, evlərə su dolub. Kuzun kəndi Şahdağın ətəklərində yerləşir.
Qusar Fövqəladə Hallar Komisiyasının sədri, rayon icra başçısının birinci müavini Şahid Fərəməzov faktı təsdiqləyib. Şahid Fərəməzov əraziyə Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qüvvələrinin cəlb edilməsi barədə müraciət edildiyini bildirib.
İyunun 17-də yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel Gədəbəy rayonunda insan ölümünə səbəb olub. 32 yaşlı Gədəbəy sakini Osman Rzayev meşədən qayıdarkən çaya yıxılıb və sel onu aparıb.
Gecə saatlarında kənd sakinləri onun meyitini hadisə yerindən 3 km aralıda aşkar ediblər. Ümumilikdə isə sel və daşqın əraziyə ciddi ziyan vurub.
Sel eyni zamanda Tovuzun bir neçə kəndini də bərbad vəziyyətə salıb. Tovuz Fövqəladə Hallar Komissiyasının sədri Mahir Həsənov açıqlamasında selin Tovuz rayonunun bütün dağ kəndlərini bərbad vəziyyətə qoyduğunu deyib. Daşqınlar hətta Günəbaxan kəndində bir sakinin evini də aparıb.