Qurban Qurbanov: Hətta məğlubiyyətə də hazır olmalıyıq

Qurban Qurbanov: Hətta məğlubiyyətə də hazır olmalıyıq
  • İDMAN

“Ən vacib oyunlarımızdan biri olacaq. Elə bir an gəlib çıxıb ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq”.

Aktual.az  apasport-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 Avropa Liqasında ölkəmizi təmsil edən Ağdam klubu pley-off mərhələsinin cavab görüşündə “Qöteborq”u qəbul edəcək. İlk matçda minimal hesabla (0:1) məğlub olan təmsilçimiz sabah Tofiq Bəhramov adına Respublika Stadionunda revanş matçına çıxacaq. Qurbanov oyunöncəsi təşkil edilən mətbuat konfransında komandasının şanslarını dəyərləndirib:

“Rəqibi daha yaxından tanıdım. Pis hazırlaşmamışıq. Oyunun gedişatında hər hansı düşünmədiyimiz hadisələr baş versə, buna hazırıq. Rəqib çox ciddidi. Geridə olsaq da, iki oyunun nəticəsinə görə qalib gəlməyə çalışacağıq”.

- Bu oyunu ölüm-dirim görüşü hesab etmək olarmı?

- Belə deməzdim. Amma bu, mərhələnin son oyunudu. Nəticə hər iki komanda üçün vacibdi. Səfərdəki matçdan sonra düşünməyə vaxtımız var idi. Amma indi vaxtımız yoxdu.

- Rəqibi hansı komponentlərdə üstələməlisiz ki, mərhələ adlayasız?

- Müdafiədə diqqətli olmalıyıq. Sabah hücumda oynayacağıq. Amma müdafiəni də unutmamalıyıq. Rəqibi öz cərimə meydanımızdan uzaq tutmağa çalışacağıq. İsveçdə 2 hücum oldu, birində qol vurdular. Daha aqressiv və sürətli olmalıyıq. Komanda çox geridə müdafiə olunursa, orda sürəti artırmaq çətindi. Çalışacağıq topun sürətini artıraq, boş sahələrdən istifadə edək.

- Mərhələ adlamaq üçün qol vurmağa ehtiyac var. Bunun üçün sabah ilk dəqiqələrdən Dinonun da iştirakı gözlənilirmi?

- Hələ qərar verməmişəm. Dinonun hazırlığı hələ istədiyimiz kimi deyil. İlk oyunda belə məsuliyyətli matça buraxmaq düzgün çıxmaz. Oyunu alınmasa, özünə inamı itər. Tam hazır olmasa da, düzəlməyə çalışır. İlk “11-lik”də olmamaq ehtimalı daha çoxdu.

- “Viktoriya” Çempionlar Liqasında qrupa düşə bilmədi. Bu baxımdan təəssüf hissi keçirmədiniz?

- Bir anlıq təəssüflənmək olur. Amma oyundan sonra. Bəzən tərəf olub, qalib gəlməyəndə təəssüflənirsən. Amma bəzən də zəif çıxış edib qalib gəldiyimiz matçlar da olub. Həmin qarşılaşmanın qol epizodlarına baxdım. Bizimlə görüşdə qol epizodları demək olar ki, olmadı. “Ludoqorets”lə görüşdə də kuryoz vəziyyətlərdən şanslar yaxaladılar. Bəzən layiq olduğumuz yerdən yuxarıda oluruq. Buna görə də şükr etmək lazımdı. Daha yaxşı hazırlaşıb, daha böyük uğurlar qazanmaq lazımdı.

- Əsas heyətdə yenilik ola bilərmi?

- Çox az olacaq. Ola bilər, ümumiyyətlə, heyəti dəyişmədim. Belə bir oyunda hər hansı bir dəyişiklik etməyə lüzum görmürəm. Orda məğlub olsaq da, 90 dəqiqə topa nəzarət etdik, qol imkanlarımız da oldu. Dəyişiklik oyunun gedişatında ola bilər.

- Bu dəfə qol imkanlarının qaçırılmaması üçün nə etmisiz və ya bacara biləcəyiniz bir şey varmı?

- Mənim bacara biləcəyim futbolçuların özünəinamını artırmaq, səhvləri azaltmaq olar. Futbolçular da təcrübəlidilər. Pis tərəfini yox, yaxşısını düşünək. Bəzən bombardir 3-4 oyunda qol vura bilmir. Bəzən də rəqib imkan vermir. Təbii ki, elə epizodlar olur ki, qolu vurmamaq daha çətindi. Kənardan asan görünər. Amma mən bunu yaxşı başa düşürəm. Elə olub ki, 1 metrlikdən qapıya düşə bilməmişəm. Qol epizodları üzərində daha çox çalışmışıq.

- “Qöteborq” evdə müdafiədən oynaması bizi təəccübləndirdi. Bu dəfə rəqibin necə oynayacağını düşünürsüz?

- Hər bir komandaya qalib gəlmək üçün düzgün müdafiə olunmaq lazımdı. Sadəcə, həmin oyunda onlar nə qədər müdafiəyə diqqət ayırdısa, biz onları buna daha çox məcbur etdik. Son vaxtlar müdafiəyə daha çox diqqət yetirənlər qalib gəlirlər. Avropa çempionatı da buna sübutdu. Belə turnirlərdə komandalar əks-hücumda nəticə verməyi daha çox bacarırlar. Ən asan və risksiz yol budu. Onlar onsuz da, 2 hücumçu ilə oynayırlar. 4-4-2 sxemində çıxış edirlər.

Amma bu, o demək deyil ki, rəqib hücum futbolu göstərir. Onların sistemi belədi. Biz 1 hücumçu kimi görünsək də, daha çox 3, 4 və ya 5 hücumçu ilə oynayırıq. İnanmıram ki, rəqib öz sistemini dəyişsin. Sabah da onları müdafiədən oynamağa məcbur etməliyik. Futbol bizə sürpriz göstərə bilər. Buna da hazır olmalıyıq.

- Penaltilər seriyasının üzərində çalışmısınızmı?

- İstəmərəm penaltilər seriyasına getsin. Amma elə oyundu ki, hətta məğlubiyyətə də hazır olmalıyıq. Amma qalib gəlmək üçün meydanda soyuqqanlı olmalıyıq. Penaltilər üzərində məşq etməmişəm. Futbolçulara psixoloji təsir etmək istəməmişəm.

- Psixoloji cəhətdən vəziyyət nə durumdadı?

- Normaldı. Neçə illərdi bu turnirdə iştirak edirik, təcrübəmiz çoxdu. Evdə oynayacağıq. Bu, psixoloji gərginliyi aradan qaldırmaq üçün bir vasitədi. Psixoloji gərginliyə şad olaram, deməli, futbolçu nəticə barədə düşünür. Mən belə şeyə müsbət baxıram.

- Reynaldo, Almeyda, Maksim və digərləri əvvəlki həvəsdədilərmi?

- Bəzən komanda 3-4 il uğur qazanandan sonra enişə keçir. Bu da sizin sualınıza uyğun elementlərdən qaynaqlanır. Bəzən mən də özümü rahat hiss edirəm. Guya diqqətli oluram. Amma sonra fikirləşirəm ki, burda düz eləmədim. Bu məsələyə uyğun futbolçularla söhbət eləmişəm. Daim yaxşı olmaq istəyirsənsə, stabil çıxış etməlisən. Çünki “düşəndən” sonra formanı bərpa etmək çətin olur. Buna görə də vaxtında tədbir görmək lazımdı.

- İlk dəqiqələrdən qol vurub, oyunu daha rahatlaşdırmaq üçün xüsusi tapşırığınız olacaqmı?

- Rahatlaşmaq deməzdim, amma qalib gəlmək üçün ilk dəqiqələrdən qol vurmalıyıq. Gecikməli deyilik. Futbolda belə bir şey yoxdu ki, 60-70-ci dəqiqədən sonranı gözləyim. Bəzən 10 şansdan yararlana bilmirsən, son dəqiqədə vurursan. Bəlkə erkən qol vursaq, daha çətin olacaq. İlk dəqiqələrdən şanslardan maksimum yararlanmağa çalışacağıq.

- Kornerdən standart tapşırığınız olacaqmı?

- Azərbaycan komandalarına daha heç kim imkan vermir. İnşallah, yeni bir şey edərik.
 
- “Qəbələ”nin şanslarını necə qiymətləndirirsiz?

- Üstünlük “Qəbələ” tərəfdədi. Çünki qalib gəlib. Yəqin ki, özləri danışıblar. Amma elə də asan olmayacaq. “Qəbələ” çox istəkli klubdu. Məşqçiləri çox işgüzardılar. Onlara uğurlar arzu edirəm. İnşallah, uğur biz tərəfdə olar.

- Hansı komandamızın işi daha çətin olacaq?

- Heç birimizin işi asan deyil. Burda nəticə önəmli deyil. Çox nüanslar var. İnsan bəzən sonra qərar verməli olur və ondan çox şey asılı olur. Məğlubiyyət səni qrupdan uzaqlaşdırar. Siz də yəqin gah bizi, gah “Qəbələ”ni fikirləşəcəksiz. Futbolda asan iş yoxdu. Yaxşı tərəfini düşünək.

Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR