Qurban bayramı ilə əlaqədar Azərbaycanda 4 gün iş olmayacaq. Məlumdur ki, bu günlərdə bir-birindən ləzzətli təamlarla zəngin olan bayram süfrələri açılacaq. Ancaq bayramı sağlam və zövq alaraq keçirmək üçün qidalanmaya xüsusi diqqət göstərmək lazımdır. Bayram günlərində çox ət və şirniyyat qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Əsasən də təzyiq, şəkər, ürək-damar problemləri və böyrək çatışmazlığı kimi xroniki xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.
Aile.lent.az Qurban bayramında diqqət etməli olduğunuz məqamları təqdim edir.
1 dəfə ət yeyin. Bayramda qurban kəsildiyindən günorta, axşam ancaq ət yeyilməməlidir.
Bayramda çox ət qəbulu bir çox sağlamlıq problemlərini bərabərində gətirir.
Əsasən, xroniki xəstəlikləri olan insanların çox ət yeməsi, yağ qəbulunun artması səhhətlərində ciddi problemlərə yol açır. Çox ət yemək həzm sisteminə də mənfi təsir edir. İshal, ürək bulanma, mədə ağrısı kimi sağlıq problemləri bayramda sıx yaşanır.
Plov və şorbalarda ət suyu istifadə etməyin.
Bayramda yeyilən ətin miqdarı qədər bişirilmə üsulu da mühümdür. Bayramda ət daha çox qovurma halında bişirilir. Ət bişirilərkən yağından başqa yağ əlavə etmək olmaz. Əti uzun müddət, vam odda öz yağında bişirin.
Başqa cür isə əti qaynadaraq, sobada, buğlama şəklində bişirə bilərsiniz.
Qaynamış ətin suyu plov, ya şorba üçün istifadə edilməməlidir. Çünki ət suyu yağlı olduğundan kökəlməyə, xolesterol yüksəlməsinə səbəb olur.
Qurban əti kəsildikdən dərhal sonra yeyilməməlidir. Ən azı 24 saat soyuducuda saxlanmalıdır. Ət gözlədilmədən bişirilsə, sərt olacaq və yedikdən sonra həzmsizliyə və köpə yol açır.
Bayramda qida zəhərlənməsinə diqqət edin!
Bayramda kəsilən ətin saxlanma qaydaları da önəmlidir. Ətlər qiymə şəklində, kiçik parçalar halında, tək bişirməlik miqdarlarında soyuducuda 3 gün, buzluqda 18 dərəcədə 3 ay müddətində saxlana bilər. Buzluqdan çıxarılan ətin açılması üçün soyuducunun aşağı hissəsində, axar suyun altında, ya da mikrodalğalı sobada saxlayın.
Buzu açılmış əti yenidən dondurmayın. Bu, qida zəhərlənmələrinə yol açır.
Qurban bayramı ilə bağlı yaşanan digər bir problem isə kökəlməkdir. Bayramı kökəlmədən yola salmaq üçün bunları edin:
Səhərlər pendir, zeytun, qaynamış yumurta, pomidor və xiyarla zəngin sağlam səhər yeməyi yeyin.
Bayram boyunca şirniyyat qəbulunu azaldın. Şərbətli şirniyyatlardan uzaq durun.
Ara saatlarda yemək yeməyi unutmayın ki, əsas yemək vaxtlarında çox acmış olmayın.
Gün ərzində mütləq bir tərəvəz yeyin. Plov, makaron kimi qidalardan uzaq durun. Çovdar, buğda çörəkləri yeyin.
Süd, tərəvəz meyvə qəbulunu da unutmayın.
Gündəlik 2- 2.5 litr su için. Çay, qəhvə çox içməyin. Yeməklərlə birlikdə qazlı içkilər yerinə kompot için.