ABŞ-da mühacirətdə yaşayan azərbaycanəsilli tanınmış müğənni Ququş (Faiqə Atəşin) sənətlə vidalaşır.
Aktual.az xəbər verir ki, o, bu barədə "Assoşeyted Press”ə "Günaha batmış səs” adlı kitabı haqda müsahibəsində deyib.
"Bəlkə İslam Respublikası devrildikdən sonra yenidən başlaya bilərəm”, - müğənni bildirib.
İranda ağır şəraitin hakim olduğunu və insanların yaşayışlarının çətinləşdiyini söyləyən Ququş vətəndaşları hüquqları uğrunda mübarizəyə və bu ağrılara son verməyə çağırıb:
"İranlı gənclər və qadınlar sərbəst geyim hüququ, söz və bədii ifadə azadlığı və normal həyat da daxil olmaqla ən əsas hüquqları uğrunda mübarizə aparırlar. İran xalqı təmiz su, təmiz hava və yaşaya biləcəkləri torpaq uğrunda mübarizə aparır. Gənclərimiz gəncliklərindən heç vaxt zövq almadan qocalıblar. Xalq buna son qoymalıdır!"
Qeyd edək ki, Faiqə Atəşin (Ququş) 1950-ci il mayın 5-də Tehranın Sərçeşmə rayonunda anadan olub. O, 1945–1946-cı illərdə mövcud olmuş Baş nazir Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumətin fədai ordusunun polkovniki, əslən Gəncə şəhərindən olan Qulu Sübhinin nəvəsidir. Onun valideynləri Tehrana Bakıdan köçüblər.
İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olan Ququş Azərbaycan, fars, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub. 1979-cu il inqilabından sonra o, ölkədən gedib.
Xəbər 32 dəfə oxunub.