Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Lerik rayonunda dəhşətli cinayət hadisəsi baş veirb. Veri kənd sakini 72 yaşlı Hüseyn İsiyevin evinə hücum edən şəxslər balta ilə ona çoxsaylı xəsarət yetirib, 37 yaşlı oğlu Rəfael İsiyevin isə hər iki qulağını kəsiblər. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Əlirza Əliyev və Natiq İsiyevdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar Lənkəran rayonu ərazisində saxlanılaraq istintaqa cəlb olunublar.
İlkin istintaq tədbirləri zamanı saxlanılan şəxslər hadisəni törətdiklərini etiraf ediblər. Lakin onlar bildirib ki, hadisə heç də qulaqları kəsilən Lerik rayonu Veri kənd sakini Rəfail İsiyevin atası Hüseyn İsiyevin dediyi kimi otlaq sahəsinə görə deyil, namus üstündə olub.
Hadisəni törətməkdə təqsirli bilinən Natiq İsiyevin atası Seyidəli İsiyev AzVision.az-a bildirib ki, Rəfael İsiyevin qulaqları namus üstündə kəsilib:
“Qızımın həyat yoldaşı Neftçala rayonunda çobanlıq edir. Ailəsi isə bizim kənddə qalır. Qızımın üç balaca körpəsi var. Rəfael və dostu Tahir içkili vəziyyətdə qızımın evinə yaxınlaşıb, təcavüz etmək istəyib. Amma onların niyyəti baş tutmayıb. Qızım qardaşlarına xəbər verib. Oğlanlarım bundan qəzəblənərək, Rəfaelin cəzasını veriblər. Bizdə namus məsələsi hər şeydən önəmlidir. Durduq yerdə kimsənin qulağı kəsilmir. Deyirlər hadisə guya otlaq sahədi üstündə olub. Belə deyil. Hamı bilsin ki, Rəfaelin namus üstündə qulaqları kəsilib. Qızımın həyat yoldaşının hələ hadisədən xəbəri yoxdur”.
Seyidəli İsiyev bildirib ki, hazırda hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
“Hadisənin əsil səbəbkarları Rəfael və Tahirdir. Onlar camaatın evinə soxulmaq istəyiblər. Bütün kənd camaatı Rəfaelin atasına deyir ki, oğlunu kənddən rədd elə, o, bundan sonra bizim kənddə yaşaya bilməz. Rəfaeli kənddə hamı pis adam kimi tanıyır. O, kişiyə yaraşan hərəkət etməyib”.