Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Elchi.az-ın suallarını cavablandırıb.
Aktual.az həmin müsahibəni təqdim edir:
–Qüdrət bəy, Qərbin bəslədiyi "uşaqlar” və bəzi 70 yaşında xərifləmiş debillər Azərbaycanda öz türk kimliyi ilə fəxr edənlərin 1937-ci ildə olduğu kimi repressiyalara məruz qalacaqlarını söyləyirlər. Bu kimi açıqlamalara münasibətinizi bilmək istərdik.
-İqtidarı tənqid etmək olar və mümkündür, hətta bəzən vacibdir. Biz də zəruri hesab edəndə bunu edirik, hər kəs bunu edə bilər və çoxları da edir. Amma riyakarlığın miqyasına baxın ki, dünənə qədər Ərdoğanı korrupsiyada, insan hüquq və azadlıqlarını məhdudlaşdırmaqda, avtoritarizdə ittiham edənlər, belələrini tapıb efirə çıxaranlar indi Türkiyəni öyən, amma yumşaq bir qardaş tənqidinin də yer aldığı məqaləyə görə Ərdoğanın "müdafiəçisinə çevriliblər. Düşünürlər ki, əllərinə bəhanə keçib, iqtidara xalqın dəstəyini azaltmaq üçün Trükiyə-Azərbaycan münasibətlərini korlamaq da olar. Amma yanılırlar. Onları dinləyəndə adamın ürəyi bulanır. İlham Əliyev dəfələrlə bəyan edib ki, biz böyük türk ailəsinin üzvüyük. Türk Dövlətləri Təşkilatının yaranmasında və güclənməsində Azərbaycanın xüsusi rolu olub. "Şuşa Bəyannaməsi”ni də Ərdoğanla İlham Əliyev imzalayıb. İlham Əliyev hər zaman Türkiyənin Vətən müharibəsində verdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirib. Bunu görməmək üçün olduqca qərəzli olmaq lazımdır. Rus dilinin Azərbaycanda tədrisinə qarşı çıxan debillər, çünki onların qənaətinə görə, Afrikada heç kim bu dili bilmir, anlamırlar ki, rus dili bizə Afrikada ünsiyyət qurmaq üçün lazım deyil, hazırda türk xalqları və keçmiş sovet respublikaları arasında ünsiyyət vasitəsidir və Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır. Zamanında İlham Əliyevin sərəncamı ilə yüksək vəzifələr tutub bundan məmnun olanlar, atalarının bu iqtidar haqqında dediklərini unudanlar, xarici kəşfiyyat ələ alana qədər iqtidarın fəaliyyətini xarici telekanallarda vəsf, mədh edənlər bu gün ağız-ağıza verib, utanmadan nə gəldi danışırlar. Başa düşmürlər ki, fəaliyyətləri ilə yalnız süfrə üzərində uçan milçək effekti yarada bilərlər. Yazıqlar olsun!
-Hamı Ermənistanla sülh sazişi imzalamağa yaxın olduğumuzu söyləyir. Siz necə düşünürsünüz?
-Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmayana qədər nə sülh sazişi imzalamalıyıq, nə də Ermənistanla kommunikasiya xətləri açılmalıdır. Görünən odur ki, Ermənistan Fransa və İranın təzyiqi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyə hazırlaşmır. Sülhə nail olmaq üçün Türkiyə, Azərbaycan və Rusiya Ermənistana reveranslar etməməli, əksinə təzyiqləri artırmalıdır. Ermənistan öz öhdəliyini yerinə yetirməsə, Azərbaycan güc tətbiqi ilə onu buna məcbur etmək barədə düşünməlidir. Sülh sazişi Türkiyə və Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanmalıdır. İlham Əliyev öz tərəf müqabillərinə münasibətdə səmimi və etibarlı olması ilə diqqət çəkib və bunu həmişə vurğulayıb. Bu davranış Azərbaycana uğur gətirib, Qarabağı azad etmişik. O, özünə və Azərbaycana münasibətdə də tərəfdaşlarından bunu tələb edib, fərqli münasibəti qəbul etməyib. İndi Türkiyə və Rusiyaya deyə bilmərik ki, zamanında Azərbaycana sülhməramlı əsgər göndərmisiniz, qələbəmizin əldə olunmasına dəstək vermisiniz, yaxud mane olmamısınız, Rusiya sənin iştirakınla üçtərəfli atəşkəs haqqında saziş imzalamışıq, amma indi dayanın kənarda, biz Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh sazişi imzalayırıq. Hər dövlətin öz marağı var və biz bunu nəzərə almalı, Türkiyə və Rusiya da sülh sazişinin imzalanmasında iştirak etməli, bundan faydalanmalıdır. O zaman sülh daha təminatlı olar. Ermənistan nə qədər tez bunu başa düşsə, Fransa və İranın yox, öz dövlət maraqlarını önə çəksə, regional əməkdaşlığa üstünlük versə, sülhə bir o qədər tez yaxınlaşarıq.
Xəbər 895 dəfə oxunub.