Yanvarın 19-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev Yasamal rayonunda seçicilərlə görüşüb.
Partiyanın seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə çatdıran Prezidentliyə namizəd, ölkədə bir çox sahələrdə təxirəsalınmaz islahatların aparılmasının zəruriliyini vurğulayıb.
Qanunun aliliyinin təmin olunmasının, ədalətli məhkəmə hakimiyyətinin, andlı iclasçılar institutunun ölkədəki bir çox problemlərin həlli üçün əsas şərt olduğunu vurğulayan prezidentliyə namizəd qeyd edib ki, seçicilərin etimadını qazanacağı təqdirdə, ilk növbədə sözügedən sahədə, həmçinin vətəndaşların mülkiyyət hüquqlarının qorunması istiqamətində islahatların həyata keçirilməsinə nail olacaq.
Prezidentliyə namizəd ədalətli cəmiyyət qurmaq üçün hüquqi dövlət quruculuğunun, hüquqi dövlət quruculuğu üçün isə ictimai şüurun inkişafının, demokratik dünyagörüşünün formalaşmasının zəruriliyini qeyd edib. Qüdrət Həsənquliyev bildirib ki, yalnız parlament tipli respublika modelində çoxpartiyalı sistemə real məzmun vermək mümkündür.
Prezidentliyə namizəd öz nitqində sosial-iqtisadi sahələrdə, əhiyyə sistemində, mədəniyyət və digər istiqamətlərdə aparılması zəruri olan islahatlardan söz açıb və seçicilərin suallarını cavablandırıb.
Xəbər 729 dəfə oxunub.