"Təcili Xankəndinə və Qarabağda azad olunmuş və yaşayış üçün yararlı olan digər yaşayış məskənlərinə qaçqın və məcburi köçkünlərin yerləşdirilməsinə başlanılmalıdır"
Biz hələ müstəqillik əldə etməmişdən öncə, 1988-ci ildə Azərbaycanda erməni seperatizmi qızışdırılan dövrdən Qərbin Azərbaycana münasibətdə nə qədər ikiüzlü və riyakar siyasət yürütdüyünü, xristian olmalarına və pullu erməni diasporasına görə işğalçı Ermənistanı dəstəkləyib beynəlxalq hüququ ayaqlar altına atmalarını, 20 Yanvar qırğını törətmiş Qorbaçyova üstündən bir il keçməmiş Nobel sülh mükafatı vermələrini də ,AŞPA-nın iclaslarında Xocalı soyqırımını törətmiş Köçəryan və Sarkisyanı necə alqışladıqlarını da, bir milyon müsəlman azərbaycanlının ev-eşiyindən necə didərgin salınmasını, şəhər və kəndlərimizi erməni vəhşilərin necə dağıtmasını kənardan sakitcə seyr etmələrini də görmüşük. Amma dünyanın acı reallıqlarını qəbul edib onlarla əməkdaşlıqdan imtina etməmişik.
Aktual.az xəbər verir ki, bu sözləri xalqcebhesi.az saytına açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Partiya sədri qeyd edib ki, AŞPA-da fəaliyyətini dayandırmaqla Azərbaycan Qərblə əməkdaşlıqdan imtina etməyib: "Bu seçim onlarındır. Soruşsanız, əlbəttə Azərbaycanda insan haqları ilə bağlı problemlər var. Bu, bütün ölkələrdə var. Birində az, digərində bir az çox. Bu sahədə nöqsanları aradan qaldırmaq üçün biz köklü məhkəmə islahatları təklif etmişik. Amma təəssüf ki, Qərb institutları bu problemləri özlərinə lazım olanda qaldırıb, ondan bizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Azərbaycan hazırda torpaqlarını işğaldan azad edib, daha güclüdür və Qərbin riyakar siyasətinə daha sərt reaksiya vermək gücündədir. Ona görə də Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb. Düşünürəm bir müddət sonra tərəflərin qarşılıqlı səyləri ilə Azərbaycan AŞPA-da fəaliyyətini bərpa edəcək.
Uzun müddətdir hökuməti çağırıram ki, təcili Xankəndinə və Qarabağda azad olunmuş və yaşayış üçün yararlı olan digər yaşayış məskənlərinə qaçqın və məcburi köçkünlərin yerləşdirilməsinə başlanılmalıdır. Biz bunu etmədikcə təzyiqlər artan xətlə davam edəcək. Qarabağın məskunlaşdırılmaması Zəngəzurun Ermənistana verilməsi qədər yanlış bir qərardır".
Xəbər 1006 dəfə oxunub.