Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə

Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə

BAXCP sədri: "Qərbin ermənipərəst mövqeyinin dəyişəcəyini gözləmirəm. Qərb Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyəcək, amma Qarabağda yaşayan ermənilərə beynəlxalq təminat altında status istəyəcək”

May ayının əvvəlindən Azərbaycanla Ermənistan arasında "sülh sazişi” layihəsi üzrə danışıqlar intensivləşib. ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti ilə ABŞ-a gedən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan bu məsələni mayın 1-də müzakirə ediblər. Xarici işlər nazirlərinin Vaşinqtonda 4 günlük görüşündən sonra nazirlərin növbəti görüşü Rusiyada planlaşdırılır. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşü nəzərdə tutulur.

Aktual.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin Reyting.az-a müsahibəsini təqdim edir:

-Bu görüşlər necə nəticələnə bilər?

- Yaxınlarda mətbuata verdiyim açıqlamada söyləmişdim ki, hər hansı razılaşma olacaqsa və bunun əsasında hər hansı sənəd imzalanacaqsa, bunu yalnız möcüzə adlandırmaq olar. Ona görə ki, indiki şərtlər altında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını, Azərbaycanın daxili işlərinə qarışmayacağına dair öz üzərinə öhdəlik götürəcəyini gözləmirəm.

Azərbaycanın da əvvəlki mövqelərindən geri çəkiləcəyini düşünmürəm. Bu baxımdan, hazırkı şəraitdə sülh müqaviləsinin imzalanacağını mümkünsüz hesab edirəm.

Biz ədalətli sülhə nail olmaq istəyiriksə, ilk növbədə Xankəndi üzərində dövlət suverenliyini bərpa edib sonra masa arxasında oturmalıyıq. Amma bu o demək deyil ki, danışıqlardan imtina etməliyik. Bütün müstəvilərdə görüşlərdən imtina etməməliyik. Amma görüşlərdə Ermənistanın işğalçı dövlət olduğunu, vandalizmlə məşğul olub Azərbaycanın şəhər və kəndlərini yer üzündən sildiyini, işğal edilən ərsazilərdə böyük ekoloji fəlakətlər törətdiyini, bir milyon insanın yurd-yuvasından didərgin saldığını hər addımbaşı deməliyik.

Hələlik müsbət gözləntim yoxdur. Hesab edrəm ki, biz, Xankəndi üzərində dövlət suverenliyini bərpa edəndən sonra beynəlxalq hüquqa əsaslanan sülhə razılaşa bilərik. Bunun üçün, açıq söyləyirəm, danışıqları yalnız Türkiyə və Rusiya ilə aparmalıyıq.

Qərbin ermənipərəst mövqeyinin dəyişəcəyini gözləmirəm. Ona görə ki, Qərbdə həm islamafobiya, həm də güclü erməni diasporası var. Onlar hər bir Qərb siyasətçisi üçün problemlər yarada bilirlər. Nəzərə alsaq ki, Qərbin yüksək elitasında da korrupsiya çox geniş vüsət alıb, erməni diasporası da onların bir hissəsini öz tərəfinə çəkib, bütün bunları, o cümlədən xristian həmrəyliyini, Türkiyəyə qarşı fobiya amilini nəzərə alaraq, birmənalı şəkildə söyləmək olar ki, Qərbdən bu məsələdə ədalətli mövqe gözləməyə dəyməz. Qərb Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyəcək, amma Qarabağda yaşayan ermənilərə beynəlxalq təminat altında status verilməsini istəyəcək. Bu halda ermənilər faktiki müstəqil dövləti kimi fəaliyyət göstərəcək. Azərbaycan buna getməməlidir. Hesab edirəm ki, hakimiyyət də buna razılaşmayacaq. Ona görə ki, bundan sonra ölkələrin faktiki surətdə ərazisində yeni dövlətlərin yaranması, həm də zorun bütün beynəlxalq münasibətlərdə önə çıxması presedenti yarana bilər. Bu, həm dünya birliyi, həm də region üçün təhlükəlidir. Azərbaycan bu baxımdan ona gedə bilməz.

Düşünürəm ki, əsas məsələ Rusiyanın mövqeyidir. Rusiyanı razı sala bilsək, İran da Rusiyanın dediyi ilə oturub-durandır, bu məsələdə artıq-əskik hərəkət edə bilməyəcək və bundan sonra problemi həll edə bilərik.

- Ayın 19-da Moskvada xarici işlər nazirlərinin də görüşü gözlənilir. Vaşinqtonda müzakirə olunan məsələnin yenidən Rusiya paytaxtında müzakirəyə çıxarılmasının bir mənası varmı? Bəziləri hətta iddia edir ki, Rusiya danışıqlar prosesini pozmaq istəyir...

- Sözün doğrusu, danışıqların mənasını görmürəm. Biz Ermənistana heç bir təzyiqin şahidi deyilik. Bu, nə Rusiya tərəfindən, nə də Qərbin vasitəçiləri tərəfindən edilmir. Əgər iki tərəf danışıq aparırsa, haqsıza təzyiq etmək lazımdır. Demək lazımdır ki, haqsızsan, başqa dövlətin daxili işlərinə müdaxilə etməməlisən, onun ərazi bütövlüyünü tanımalısan. Biz bu təzyiqi görmürük, əksinə, mənim gördüyüm odur ki, bu münaqişənin həllində hazırda Rusiya maraqlı görünmür. Rusiya münaqişənin davam etməsini və özünün də Qarabağda hərbi iştirakının saxlanmasını, oradakı ermənilərin də müstəqil dövlətdə yaşamasını hədəfləyib.

Qərbin müəyyən dairələri də sözsüz ki, sülh istəmir, sülh istəyənlər isə bunun Azərbaycanın güzəştləri hesabına olmasını istəyir. Sözsüz ki, Azərbaycan buna gedə bilməz. Sülh üçün ən azından, məsələn, ABŞ və NATO-nun digər aparıcı gücləri Ermənistana açıq şəkildə deməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, daxili işlərinə qarışmamalısan. Azərbaycana da deyilə bilər ki, qoşulduğumuz beynəlxalq konvensiyalar çərçivəsində, beynəlxalq hüquqa və Azərbaycanın daxili qanunvericiliyinə uyğun olaraq Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin bütün hüquq və azadlıqlarının ciddi şəkildə qorunacağı barədə öhdəlik götür. Məsələn, onlar həm etnik təmizlənməyə məruz qalmayacaq, həm də deportasiya və təqib olmayacaq. Azərbaycan bu öhdəlikləri götürə bilər və belə də olmalıdır. Bu halda Ermənistan da görəcək ki, Azərbaycan bu öhdəlikləri üzərinə götürüb. Amma bu istiqamətdə Ermənistana heç bir təzyiq yoxdur. Bu təzyiq edilmədikcə, Ermənistanda heç bir hakimiyyət buna getmir. Çünki beynəlxalq birliyin mövqeyini görürlər, həm də arxayındırlar ki, Qarabağdakı ermənilərin də təhlükəsizliyini Rusiya təmin edir. Bu səbəbdən Azərbaycana münasibətdə yenə destruktiv mövqe sərgilənir. Ona görə açıq deyirəm, hazırda problemin sülh yolu ilə ədalətli həllini görmürəm.

İstəyirəm onu da deyim ki, bu problemin həllində Ermənistanın da Azərbaycanın şərtlərini qəbul etməsi hələ yetərli deyil.

- Ermənistan hakimiyyəti problemin sülh yolu ilə həllinə razılaşsa, Rusiya və digər maraqlı qüvvələr buna imkan verəcəkmi?

- Ona görə deyirəm ki, davamlı sülh üçün Rusiya və Türkiyə ilə danışmaq lazımdır. Bu iki dövlətin razılığı olsa, o zaman Qərbin də burada pozuculuq fəaliyyətinin qarşısını almaq mümkün olar. Türkiyənin prinsipial mövqeyi olmasa, eyni zamanda Rusiya da sülh istəməsə, regionda sülhü bərpa etmək az qala mümkünsüz görünür. Siyasətdə heç nəyi yüz faiz demək doğru olmaz, amma mənə görə hazırkı mərhələdə sülh mümkünsüz görünür.

Bəziləri deyir ki, Rusiya Ukraynada uduzsa, regional vəziyyət dəyişə bilər, bu zaman sülhməramlıları oradan çıxarıb Qarabağ üzərində suverenliyimizi bərpa edə bilərik. Amma mən məsələyə bir az başqa cür yanaşıram. Hesab edirəm ki, Rusiya müharibədə uduzsa və hakimiyyətə qərbyönümlü bir şəxs gəlsə, o zaman Birinci Qarabağ savaşında olduğu kimi, indi də deyəcəklər ki, Ermənistana açıq hərbi dəstək verin.

Xatırlayırsınız da, ABŞ senatorları Qorbaçova müraciət edirdilər ki, Azərbaycanı cəzalandırın, 907-ci düzəlişlə bizə Azadlığa Yardım Aktına sanksiya tətbiq etdilər. Rusiyanın Qərbdən asılı olan yeni rəhbərliyi də bunu edəcək. O baxımdan düşünürəm ki, böyük güclərin başı nə qədər Ukraynada qarışıb, Azərbaycan bundan istifadə edib dövlət suverenliyini bərpa etməlidir. İndikindən daha əlverişli vəziyyətin yaranacağını gözləməməliyik. Ola bilər ki, yeni yaranacaq vəziyyət Azərbaycanın xeyrinə olmasın.

- Suverenliyin bərpası üçün nə təklif edirsiniz?

- Suverenliyin bərpası üçün artıq böyük addım atılıb. Laçında dövlət sərhədləri bərpa olunub. Hesab edirəm ki, növbəti addım qaz, elektrik və internet xəttini kəsilməsi olmalıdır, bu xətlər Azərbaycanın müvafiq şəbəkələrinə birləşdirilməlidir. Sayğac qoyub Qarabağda yaşayan ermənilərin nə qədər internet, qaz və elektrik enerjisi aldıqları müəyyənləşdirilməli, pulunu da özləri ödəməlidirlər. Beləliklə, Ermənistanla bir əlaqə də kəsilməlidir.

İnternet kəsiləndən sonra, bildiyiniz kimi, bir çox maliyyə əməliyyatları da çətinləşəcək. Azərbaycan ondan sonra artıq oradakı bankların öz bank sisteminə qoşulması məsələsini həll etməlidir. Yəni Xankəndidə Azərbaycanın valyutası tətbiq olunmalıdır. Əgər bu addım atılsa, ermənilərin buna razılaşmaqdan başqa çıxış yolu qalmayacaq. Hesab edirəm ki, bu məsələ yaxın aylarda həll olunmalıdır.

Sonra qış gələndə ermənilər başa düşəcəklər ki, istifadə etdikləri təbii qazın da pulunu digər Azərbaycan vətəndaşları kimi ödəməlidirlər.

Bundan başqa, Azərbaycan Qarabağın yenidən qurulması ilə bağlı Dövlət Proqramı qəbul etməlidir. Dünya o zaman görəcək ki, bizim erməniləri oradan deportasiya etmək fikrimiz yoxdur.

Bundan əlavə, bildiyiniz kimi, Ermənistanın Qarabağda böyük miqdarda silah-sursatı var. Onların oradan çıxarılmasına qətiyyən imkan vermək olmaz, hamısı Azərbaycan Ordusuna təhvil verilməlidir. Amma erməni hərbçilərinin Qarabağı silahsız tərk etmələrinə imkan yaratmaq lazımdır. Azərbaycan bunu rəsmən bəyan etməlidir.

Bu addımların ardınca Azərbaycanın Daxili Qoşunları Xankəndiyə daxil olmalı, Azərbaycan qanunvericiliyinin tətbiqinə başlanılmalıdır. Bizim qanunvericiliyə tabe olmayıb burada yaşamaq istəməyənlərə imkan yaratmaq lazımdır ki, çıxıb getsinlər. Hətta bəziləri evini satıb getmək istəsə, humanizm nümayiş etdirib, əgər yerli ermənidirsə, işğal dövründə orada məskinlaşmayıbsa, dövlət səviyyəsində evlərini almaq olar, yaxud kompensasiya verilə bilər. Bu, Azərbaycan tərəfindən xeyirxah bir addım kimi atıla bilər. Nəticədə onlar gedib Ermənistanda, yaxud Rusiyada özlərinə ev ala bilərlər.

Monqolların məşhur bir sözü var, deyirlər ki, "qorxursansa, bir işə başlama, başladınsa, cəsarətlə onu sona yetir”. Biz bu işə başlamışıqsa, sona çatdırmalıyıq. Yarı yolda qorxub dayanmağı, həddindən artıq ehtiyatlılığı düzgün hesab etmirəm. Düşünürəm ki, bu məsələdə Türkiyə ilə danışıq aparmalıyıq, çünki NATO-nun üzvü olan böyük dövlətdir, ərazisi böyükdür, əhalisi çoxdur, böyük ordusu var. Səmimi deyirəm, Türkiyənin prinsipiallığından çox şey asılıdır.

Xatırlayırsınızsa, əvvəllər tez-tez tənqid edirdim ki, Türkiyənin mövqeyi Azərbaycan üçün qəbuledilməzdir. Çünki 44 günlük savaşa qədər daim görürdük ki, Türkiyə Azərbaycanın yanında olmaq mövqeyindən çıxış edir. Mən isə deyirdim ki, bu yetərli deyil, siz elə qəbul etməlisiniz ki, sanki Qarabağ Türkiyənin bir bölgəsidir.

Türkiyənin Rusiya ilə danışmaq imkanları daha böyükdür. Ona görə ki, onların Yaxın Şərqdə bir çox məsələlərdə maraqları toqquşur, hansısa məsələdə Rusiya güzəştə gedə bilər. Hazırda Rusiyanın Türkiyə ilə əməkdaşlığa, bu dövlətin neytrallığına çöx böyük ehtiyacı var. Siyasətdə də utanmaq, çəkinmək, indiki dövrdə Rusiya buna pis baxar ki, çətin durumdayam, qarşıma belə şərt qoyurlar,- kimi şeylər yoxdur.

Axı, biz Rusiyadan nə istəyirik? Deyirik ki, imkan ver, ərazi bütövlüyümüzü bərpa edək. Rusiyadan başqa tələbimiz yoxdur. Ona görə də mənə elə gəlir ki, ortaya daha prinsipial mövqe qoymağın, açıq danışmağın zamanı çatıb. İnşallah, ayın 14-dəki seçkilərdə Ərdoğan qalib gələcək və biz ondan Qarabağ məsələsində Türkiyədən daha bir prinsipial mövqe görəcəyik. Tarixi şans yaranıb, bunu Azərbaycan qaçırmamalıdır.

- Yeri gəlmişkən, Türkiyədəki seçkilərdən nə gözləyirsiniz?

- Tarixin elə bir dövrüdür ki, Ərdoğan orada başlatdığı işləri sona çatdırmalıdır. Türkiyədə güclü hərbi-sənaye kompleksi yaradılır, ən müasir silahlar, təyyarələr, helikopterlər, tanklar istehsal etməyə başlayırlar. Bu işləri başa çatdırmaq üçün Ərdoğana daha beş il vaxt lazımdır.

İkincisi, Ukraynada böyük müharibə gedir, Qarabağda çox tarixi hadisələr baş verir, Türkiyənin sərhədlərində - Suriyada, Liviyada gərginlikdir, belə bir dövrdə faktiki surətdə Türkiyə dövləti bu və ya digər formada bu münaqişələrin hamısına cəlb olunub.

Bilirik ki, müharibələr dövründə, adətən seçkilər belə təxirə salınır. Əlbəttə, indi Türkiyədə seçkiləri təxirə salmaq olmaz, ona görə ki, birbaşa münaqişələrdə iştirak etmir. Belə məqamlarda da liderləri dəyişmirlər. Ərdoğan artıq həm türk, həm də region dövlətləri arasında müəyyən harizmatik lider kimi çəkiyə malikdir. Kılıçardoğlunun gəlib özünü yenidən tanıtması və qurulmuş münasibətləri davam etdirməsi, qoruyub saxlaması çox problemli görünür. Həm də Kılıçdaroğlu Qərbdən asılı olan adamdır. Qərbdən ona nə deyəcəklərsə, onu edəcək. Qərb də bu zaman Türkiyənin yox, öz maraqlarını nəzərə alacaq.

- Sizcə, Qərb Türkiyədə hakimiyyət dəyişikliyinə maraqlıdırmı?

- Əlbəttə, birmənalı şəkildə maraqlıdır. Qərb mətbuatına nəzər salın, Kılıçdaroğluna açıq dəstək verirlər. Türkiyəyə münasibətdə müəyyən sanksiyaların tətbiqi, F-35 təyyarələrinin verilməməsi, F-16 təyyarələrinin satışının gecikdirilməsi, bunların hamısı nəyə görədir? Seçki ərəfəsi bunları etmədilər. Çünki Ərdoğan bundan siyasi dividentlər əldə edə bilərdi. Bunlar Türkiyəyə münasibətdə sanksiyanın bir formasıdır. Onlar bütün gücləri ilə çalışırlar ki, Ərdoğan bu seçkini uduzsun. Amma dediyim kimi, bunu çox aşkar formada yox, görünən formada edirlər. Ona görə də Qərbin Türkiyədə öz adamını hakimiyyətə gətirməsi, düşünürəm ki, bu nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına uyğun deyil.

Amma o biri tərəfini də hər zaman söyləmişəm, bəli, Türkiyə vətəndaşları azərbaycanlıların, eləcə də digər türk dövlətlərinin nə düşündüyünü və yeni liderin hansısa səviyyədə bu ölkələrlə münasibətlər qura biləcəyini bilməlidirlər. Türkiyədə seçici qutunun yanına gəlməmişdən əvvəl səs verdiyi adamın bu əlaqələri necə quracağını, necə inkişaf etdirəcəyini, yaxud necə qoruyub saxlayacağını bilməlidir. Təbii ki, səsverməni onlar həyata keçirir. Onlar səs verən zaman hansı faktoru həlledici hesab edəcəklərsə, artıq bu onların işidir.

Bildiyiniz kimi, zəlzələ olan ərazilərdə insanlar evlərindən məhrum olublar, bundan başqa, Ərdoğan kürd millətçiliyinə və terrorizmə qarşı geniş mübarizə aparır, bu səbəbdən kürd separatçılarının da ona qarşı münasibəti dəyişib.

Əgər səsvermənin nəticələri Azərbaycanı qane etməsə belə, Türkiyə vətəndaşlarının iradəsi bizim üçün həlledicidir. Azərbaycan dövləti çiyin-çiyinə, əl-ələ verib Türkiyənin yeni hökuməti ilə də işləyəcək. Yeni hökumət də Azərbaycanla münasibətlərdə dönüş edə bilməyəcək. Çünki Ərdoğanla İlham Əliyevin prezidentliyi zamanı münasibətlər o qədər inkişaf edib, dövlətlər o qədər bir-birinə yaxınlaşıb ki, hansısa digər siyasi liderin gəlib fərqli mövqe sərgiləməsi çox çətin ola bilər. Bu, Türkiydə də çox geniş narazılığa səbəb olar.

Bildiyiniz kimi "Millət” İttifaqı öhdəlik götürüb ki, bir ildən sonra ölkədə konstitusiya islahatları keçiriləcək və ölkə yenidən parlamentli respublikaya qayıdacaq. Əgər Kılıçdaroğlu seçkidə qalib gələrsə və Azərbaycanla münasibətlərə yenidən baxarsa, o zaman bir ildən sonrakı yeni seçkilərdə Türkiyə vətəndaşları bunu ona bağışlamaz.

Bir daha qeyd edim ki, Kılıçdaroğlu Qərbdən çox asılıdır. Xatırlayırsınız da, o vaxt Qərbin istəyi ilə Süleyman Dəmirəl Elçibəyə iki helikopter vermədi, amma Ermənistana Türkiyədən taxıl daşınırdı. Digər tərəfdən, o vaxt Etibar Məmmədov oradan bir maşın "Kalaşnikov” avtomatı alıb gətirmişdi, sən demə, silahlar istismara yararsız imiş. O zaman hərbçilər deyirdilər ki, silahı şimala tuşlayıb atırdıq, güllə cənuba gedirdi.

1993-cü ilin yayında bizim kəndlər, rayonlar işğal olunanda mən Ankaradaydım, Türkiyə televiziyalarının hamısı hər dəfə deyirdilər ki, bu gün Azərbaycanın daha bir kəndi işğal olundu, vəssalam.

O zaman Gəncədə hərbi qiyam nəticəsində hakimiyyət boşluğu yarananda ermənilər bir-birinin ardınca torpaqlarımızı işğal edirdilər. Türkiyə televiziyaları isə bunları adi bir xəbər kimi verirdi. Mən bu qədər böyük bir dövlətin, bizə qardaş ölkənin verdiyi reaksiyadan dəhşətə gəlirdim. Ona görə deyirəm ki, qərbyönümlü bir adam hakimiyyətə gələcəksə, yenə desələr, Ermənistanla sərhədləri aç, bunu edəcək. Hətta Ermənistana silah və taxıl da verəcək, Azərbaycana isə nəyisə verməməklə bağlı istəkləri yerinə yetirəcək. Real durum budur.

Biz bir millət olsaq da, iki dövlətik. Əgər o dövlət Qərbin təsiri altında olacaqsa, sözsüz ki, Türkiyənin siyasətinə ciddi şəkildə təsir edəcək. Amma ümid edirəm ki, belə tarixi dönüş anında Türkiyənin doğrudan region dövlətinə çevrilmək, söz sahiblərindən biri olmaq imkanı var. Belə dövrdə Türkiyədə hakimiyyət dəyişikliyi bu dövlətə böyük bir zərbə olardı. Ərdoğan uduzarsa, çox təəssüflənərdim.

Xəbər 1536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR