Aktual.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına açıqlamasını oxuculara təqdim edir:
- Qüdrət bəy, yeni təyin olunacaq Baş nazirə Milli Məclisdə Sizdən başqa heç kim sual vermədi, ancaq təriflədilər. Çıxışlar çox tez kəsildi. Sizə isə təkid etdikdən sonra bir dəqiqə vaxt verildi, amma sonrakı məsələlərin müzakirəsi zamanı çıxış etmək istəyənlərin hamısına söz verildi. Hətta sədr söylədi ki, Əli Əsədova sizin suallara hökumətin hesabatı zamanı cavab verər. Belə bir yanaşma sizi qane etdimi?
- Əlbəttə qane edə bilməz. Hətta YAP-ın parlament qrupunun sədri Hikmət Məmmədov da narazılığını ifadə etdi. Hamı Əli Əsədovu sadə və təvazökar insan kimi tanıyır. O, bu gün həm də ruhən demokrat olduğunu nümayiş etdirdi və sədrin mövqeyinə rəğmən suallarıma qismən də olsa cavab verdi. Hökumətin fəaliyyətindən narızı olduğum üçün ona səs vermədim. Amma onu təbrik edirəm və fəaliyyətində uğurlar arzu edirəm. Baş Nazirin namizədliyi parlamentdə geniş müzakirə olunmalı və müzakirələrin nəticəsindən asılı olaraq münasibət bildirilməlidir. Bizdə inkişaf etmiş ölkələrdən fərqli olaraq Nazirlər Kabinetinin fəaliyyəti nə qanunla, nə də qanunla təsdiq olunan əsasnamə ilə tənzimlənmir. Nazirlər parlamentdə təsdiq olunmur. Baş Nazirin təsdiq olunma proseduru da düzgün deyil. Əvvəlcə namizəd çıxış edib hökumətin platformasını təqdim etməli, nə edəcəyi barədə deputatları məlumatlandırmalı sonra müzakirə keçirilməlidir. Bizdə isə parlament onun namizədliyinə razılıq verəndən sonra ona söz verilir. Parlamentin sədri partiya mənsubiyyətindən asılı olmayaraq, bu qədər vacib məsələ ilə əlaqədar söz istəyən hər kəsə Daxili Nizamnaməyə əsasən söz verməlidir. Çox təssüf ki, çıxış etmək imkanım olmadığından verilməsi vacib olan bir çox sualları Əli müəllimə ünvanlaya bilmədim. İmkan yaradılsa hökumətin hesabatında ünvanlayaram.
Xəbər 802 dəfə oxunub.