Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Rafiq Şıxverdiyevin (1961-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, ötən il mayın 5-i axşam saat 22 radələrində Xudat şəhərində yaşayan Rafiq Şıxverdiyev münaqişə zəmnində qonşusu Fatma İbrahimxəlilova (1936-cı il təv.) 7 bıçaq zərbəsi vurmaqla, həmçinin boğazını kəsməklə onu qətlə yetirib. Şübhəli şəxs Xudat şəhər polis şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən saxlanılıb.
Dindirilmə zamanı Rafiq Şıxverdiyev bildirib ki, qonşusu həmişə onu məsxərəyə goyub. Onun sözlərinə görə, hadisə baş verən gün də, o arvadı ilə mübahisə edərkən Fatma İbrahimxəlilova onu növbəti dəfə ələ salıb. Tutulan şəxs qeyd edib ki, düşmənini öldürüb.
Məhkəmə prosesində R.Şıxverdiyev ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd edib ki cinayəti törədərkən anlaqsız vəziyyətdə olub. Lakin məhkəmə onun ifadəsini inandırıcı hesab etməyib. İstintaq zamanı keçirilən məhkəmə-psixiatrik ekspertizasının rəyində göstərilib ki, təqsirləndirilən şəxs anlaqlı olub və öz hərəkətlərini idarə etmək iqtidarına malik olub.
Məhkəmənin hökmü ilə Rafiq Şıxverdiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Xəbər 1658 dəfə oxunub.