Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Qüdrət Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Ceyhun Əmirov qeyd edib ki, iki şəxs arasında mübahisə göyərçin üstündə olub: "Kamran Qüdrətdən göyərçin istədi. Qüdrət isə vermədi. Hadisədən bir gün əvvəl Kamran bizim yanımızda Qüdrətə dedi ki, sən mənim arxamca danışmısan və Qüdrəti davaya çağırdı. Onlar əlbəyaxa oldular. Amma qonşuların müdaxiləsi nəticəsində tərəflər sakitləşdi. Səhər isə eşitdim ki, Qüdrət Kamranı öldürüb".
Məhkəmə prosesi sentyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, bu il fevralın 2-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısında boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib. Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə xəsarətin ona qonşusu, həmyerlisi Qüdrət Kərimov tərəfindən "Makarov" markalı tapançadan iki dəfə açılmış atəşlə qətlə yetirilməsi müəyyən edilib. Xəstəxanaya yerləşdirilmiş K.Babayev sonradan dünyasını dəyişib.