Qlobal Bakı Forumunda ciddi müzakirələr - FOTOLAR

Qlobal Bakı Forumunda ciddi müzakirələr   - FOTOLAR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” IV Qlobal Forum rəsmi hissədən sonra işini “Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur?” mövzusunda sessiya ilə davam etdirib.

Aktual.az Azərtac-a istinadən xəbər verir ki, sessiyanın moderatoru Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger belə mötəbər tədbirin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyevin “Biz mövcud problemləri həll etməsək, gələcəkdə daha böyük çətinliklərlə qarşılaşacağıq” sözlərini xatırladan C.Bolger sessiyada bir neçə vacib məsələyə, xüsusən də qaçqınlarla bağlı problemlərə toxunulacağını diqqətə çatdırdı, son illərdə get-gedə daha çox insanın qaçqına çevrildiyini qeyd etdi.

Tədbirdə çıxış edən Bosniya və Herseqovina Sədarətinin üzvü Mladen İvaniç bir neçə il əvvəl ölkəsinin ciddi böhranlarla qarşı-qarşıya qaldığını vurğuladı. Qeyd etdi ki, artıq bu böhranlar arxada qalıb və ölkəmiz dinamik inkişaf etsə də, həmin ağır dövrdən dərs çıxarmağa çalışırıq. O, münaqişələrin həllində tərəflərin bir-birini qarşılıqlı anlamalarının və kompromislərin əhəmiyyətini qeyd etdi. Bosniya və Herseqovinada müxtəlif etnik və dini icmaların nümayəndələrinin yaşadığını qeyd edən M.İvaniç ölkəsində etnik, dini qarşıdurmalara yol verilməməsi üçün mövcud təcrübədən danışdı.

Albaniyanın Prezidenti Buyar Nişani Forumu fəal dəstəklədiyinə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirdi. O, müasir dünyada yaşanan problemlərin bu Forumda müzakirə edilməsini yüksək qiymətləndirdi. Albaniyanın İkinci Dünya müharibəsindən sonrakı tarixinə nəzər salan B.Nişani bildirdi ki, təhlükəsizlik təkcə bizim region üçün təhdid deyil. Bu, bütün cəmiyyətlər və ölkələr üçün ciddi təhlükədir. NATO-nun üzvü olan Albaniya məhz sivilizasiyanı, sivil inkişafı, sülhü və azadlığı qorumaq üçün beynəlxalq terrorizmə qarşı antiterror əməliyyatlarında fəal iştirak edir.

Regionda yaşanan problemlərdən danışan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili beynəlxalq layihələrin iştirakçısına çevrilən ölkəsinin Avropaya sürətlə inteqrasiya etdiyini, “Şərq Tərəfdaşlığı” Proqramında fəal olduğunu bildirdi. O, regionda sabitliyin bərpası üçün Gürcüstanın bütün qonşularla fəal əməkdaşlıq etdiyini, bölgədə mühüm strateji əhəmiyyətə malik ortaq layihələrin icra olunduğunu dedi. G.Marqvelaşvili Gürcüstanın xüsusilə Azərbaycan ilə bütün sahələrdə sıx əməkdaşlıq etdiyini, ölkələrimizin birlikdə mühüm layihələri reallaşdırdığını söylədi. Gürcüstan Prezidenti dedi: “Biz çalışırıq ki, regionun çiçəklənməsinə, sülhün təmin olunmasına töhfə verək. Ona görə biz elə həll yolu təklif etmək istəyirik ki, regionda bütün tərəflərin maraqlarına cavab versin”.

Monteneqronun Prezidenti Filip Vuyanoviç bu tədbirin yüksək səviyyədə təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirərək Forumun qlobal əhəmiyyətli çağırışlarla çıxış etdiyini diqqətə çatdırdı. Ölkələrin inkişaf səviyyəsinin qeyri-bərabər olmasının miqrasiya proseslərinə mühüm təsir etdiyini vurğulayan F.Vuyanoviç dedi ki, Minilliyin İnkişaf Məqsədlərində də əksini tapan yoxsulluğun aradan qaldırılması, bərabər təhsil imkanlarının yaradılması, iqlim dəyişikliyi və s. hədəflərə çatmaq üçün beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidir. Həmin dəyərlərə sadiq qalan Monteneqro da bu prosesdə səylərini əsirgəmir. O, beynəlxalq sülhün və əməkdaşlığın inkişafında etnik və dini tolerantlığın mühüm rol oynadığını bildirdi.

Makedoniya Prezidenti Gyorge İvanov müasir dövrdə baş verən münaqişələrin həllində dövlətlərin və beynəlxalq təşkilatların fəal və ciddi mövqe ortaya qoymalarının, yeni üsulların tapılmasının zəruriliyini diqqətə çatdırdı. Bildirdi ki, beynəlxalq problemlərin həlli üçün dövlətlər öz aralarında düzgün əlaqələndirməni təmin etməlidirlər. XXI əsrin ən müasir texnologiyalarından istifadə edən beynəlxalq terrorçu qruplaşmalarla mübarizədə beynəlxalq təşkilatlar hələ də passiv mövqe nümayiş etdirir, müəyyən bəyannamə və qərarların qəbulu ilə bu problemlərlə mübarizə aparmağa çalışırlar. Bu da həmin terrorçu qruplaşmaların öz fəaliyyətlərini daha da genişləndirmələrinə şərait yaradır.

Norveçin sabiq Baş naziri Qro Harlem Brudtland beynəlxalq problemlərin həllində, xüsusən iqlim dəyişikliyi ilə əlaqədar artıq daha çox ölkənin öz səslərini ucaltdıqlarını, bu prosesə fəal şəkildə qoşulduqlarını vurğuladı. Hamı anlayır ki, bu problemi səylərin birləşdirilməsi nəticəsində həll etmək mümkündür. Bütün problemlərin həlli yollarının və imkanlarının olduğunu bildirən sabiq Baş nazir bu baxımdan dünyanın aparıcı dövlətlərinin üzərinə daha böyük məsuliyyət düşdüyünü qeyd etdi.

İsrailin sabiq Baş naziri Ehud Barak çıxışında əsasən dünyanı təhdid edən problemlərə, xüsusən də terrorizmə toxundu. İsrail-Fələstin münaqişəsinin həlli üçün liderlərin daha ciddi səy göstərmələrinin vacibliyini qeyd edən sabiq Baş nazir bu prosesin başa çatdırılması üçün güclü siyasi iradənin ortaya qoyulmasının əhəmiyyətini xüsusi vurğuladı.

Dünyada daimi sülhün və dayanıqlı inkişafın bərqərar olmasının əsas hədəf olduğunu vurğulayan Finlandiyanın sabiq Prezidenti Tarya Halonen bu prosesdə QHT-lərin də dövlətlər qədər mühüm rol oynadığını və həmin təsisatların səylərini artırmalı olduqlarını qeyd etdi. Sabiq Prezident dedi ki, biz dayanıqlı inkişafı təmin etmək üçün, xüsusən biznesi təşviq etməli, ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirməliyik. Çıxışının sonunda Forumun əhəmiyyətini yüksək qiymətləndirən T.Halonen bu mötəbər tədbirdə gənclərin də fikirlərinə yer verilməsini problemlərin həllində yeni yanaşmaların öyrənilməsi baxımından mühüm rol oynadığını bildirdi.

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR