Sumqayıt Apellyasiya Məhkəməsində Sumqayıt şəhər sakini İlqar Məmmədovun (1990-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə məhkəmə prosesi başa çatıb.
Aktual.az xəbər verir ki, 2015-ci il sentyabrın 23-də Z.Tağıyev qəsəbəsində qətl törədilib. Daxil olan məlumat əsasında Sumqayıt şəhər polis idarəsi və prokurorluq əməkdaşları üzərində zorakılıq əlamətləri ilə şəhər sakini Rəhim Abdullayevin (1990-cı il təv.) meyitini aşkar ediblər.
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, cavan oğlanın bədən səthində 12 ədəd dəşilmiş-kəsilmiş xəsarətlərin olması müəyyən edilib. Onun ölümünə ürəyin və ağ ciyərlərin zədələnməsindən irəli gələn massiv qanitirmə səbəb olub.
Hadisənin səhərisi günü şübhəli şəxs qismində İlqar Məmmədov saxlanılıb. O bildirib ki, Rəhim onun qız tanışına telefonla intim xarakterli mesaj göndərib. Qız öz növbəsində bu barədə İlqara danışıb və həmin şəxsin kim olması ilə maraqlanmasını xahiş edib. Məmmədov həmin nömrənin sahibinə geri SMS göndərərək, ona görüş yeri təyin edib. Tağıyev qəsəbəsində, insanlar az olan yerdə görüşərkən İlqar özünü təqdim edərək, Rəhimdən qıza ünvanladığı mesaja görə hesabat tələb edib. Sonuncunun izahı onu qane etmədiyinə görə mübahisə zamanı, əvvəlcən özü ilə gətirdiyi məişət təyinatlı bıçaqla Abdullayevə çoxsaylı zərbələr endirib. Zərərçəkəni köməksiz vəziyyətdə qoyaraq, hadisə yerini tərk edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verərək cəzasının azaldılmasını xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Xəbər 8471 dəfə oxunub.