Almaniyanın Geestaxt qəsəbəsində 35 ildən bəri yaşayan, əslən Türkiyənin Sivas vilayətinin Koyulhisarı bölgəsindən olan Baran ailəsi darmadağın olub.
50 yaşlı Ercan Baran intihar edib, onun xanımı Yasemin isə kəskin ürəktutma ilə xəstəxanaya düşüb. Qadının vəziyyətinin kritik olduğu deyilir.
Səbəbkar isə ailənin 18 yaşlı qızı Ecedir.
İŞİD terror təşkilatına rəğbəti olan bu qız ötən il Hamburq sakini, 16 yaşlı Mehmet Salihə qoşularaq evdən qaçaraq İstanbula yollanmış, oradan Suriyaya keçmək istəmişdi. Türkiyə polisi qızı yaxalayaraq geriyə, Almaniyaya yollanmışdı.
Lakin iki həftə əvvəl Ece ata-anasına "liseydən bizi Berlinə gəzintiyə yollayırlar" deyərək evi tərk edib. Ece Baranın Suriyaya yollandığı və İŞİD-ə qatıldığı deyilir.
Baran ailəsinin iki gün ərzində həyətə çıxmadığını görən qonşular narahat olublar və polisə zəng vurublar. Hadisə yerinə gələn polis evin qapısının içəridən bağlı olduğunu görüb.
Qapını sındırıb içəri girən polislər Ercan Baranın mətbəxdə asılmış cəsədini görüblər. Ailə başçısı intihar etmişdi.
Qızı evdən qaçandan sonra ağır depressiyaya qapılan Yasemin Baran isə xəstəxanada idi. O, ərinin intihar xəbərini alanda kəskin ürəktutmadan huşunu itirib.
Ece Baranın otağında axtarış aparılarkən orada "Allahın xidmətçiləri" adlı qrupun qıza elektron poçtla yazdığı məktublar aşkarlanıb.
"Allahın xidmətçiləri" qrupunun Almaniyada İŞİD-ə könüllülər toplayan təşkilat olduğu güman edilir.
/ Aktual.az