Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası"nı təsdiq edib.
Aktual.az Report-a istinadən bildirir ki, qərarı komitənin sədri Rüfət Aslanlı imzalayıb.
Bu qayda qiymətli kağızlara dair sərəncamverənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə Milli Depozit Mərkəzinin idarə etdiyi depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızların və onların yüklənməsi barədə məlumatın notariusun real vaxt rejimində əldə etməsi, habelə notariat qaydasında təsdiqlənmiş müqavilənin dərhal elektron formada Depozitar sisteminə ötürülməsi və Depozitar sistemindən hüquq əldə edənin hüquqlarını təsdiqləyən sənədlərin alınması, bu məqsədlə təşkil edilmiş elektron informasiya sistemlərində məlumat mübadiləsi və onun təhlükəsizliyinə dair tələbləri müəyyən edir.
1.3. Bu Qayda MDM tərəfindən uçotu aparılan qiymətli kağızlara şamil edilir.
2. Qarşılıqlı əlaqənin təmin edilməsi
2.1. Qiymətli kağızlar üzrə sərəncamvermə hüquqlarının, Depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızlar və onların yüklənməsi barədə məlumatların və bu Qaydanın 2.7-ci bəndində müəyyən edilən sənədlərin ötürülməsi Depozitar sistem və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi (bundan sonra - "Elektron notariat" sistemi) arasında real vaxt rejimində həyata keçirilir.
2.2. Qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə dair müqavilənin (bundan sonra - müqavilə) predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüquqa malik olmasının yoxlanılması, həmin qiymətli kağızların yüklənməsi və hüquq əldə edənin "depo" hesabının mövcudluğu barədə məlumatların notarius tərəfindən real vaxt rejimində əldə edilməsi üçün qiymətli kağızlara mülkiyyət hüququnun ötürülməsinə dair sərəncamverənin ərizəsi əsasında notarius "Elektron notariat" sistemi vasitəsi ilə Depozitar sistemə aşağıdakı məlumatları ötürür:
2.2.1. müqavilənin tərəfləri barədə məlumat (əqdi bağlayan fiziki şəxs olduqda - adı, soyadı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi; hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, VÖEN);
2.2.2. müqavilənin predmeti olan qiymətli kağızların dövlət qeydiyyat nömrəsi;
2.2.3. müqavilənin predmeti olan qiymətli kağızların sayı;
2.2.4. əqdin məbləği.
2.3. Müqavilənin predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüququ mövcud olduqda və həmin qiymətli kağızlar yüklü olmadıqda və müqavilə üzrə hüquq əldə edənin "depo" hesabı mövcud olduqda MDM tərəfindən həmin qiymətli kağızlar sərəncamverənin "depo" hesabında 1 (bir) iş günü müddətinə dondurulur və Depozitar sistem vasitəsi ilə "Elektron notariat" sisteminə aşağıdakı məlumatlar ötürülür:
2.3.1. əməliyatın tarixi və vaxtı;
2.3.2. "depo" hesabının nömrəsi;
2.3.3. "depo" hesab sahibi haqqında məlumat (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi; hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı, VÖEN);
2.3.4. emitentin adı;
2.3.5. dondurulmuş qiymətli kağızların dövlət qeydiyyat nömrəsi;
2.3.6. dondurulmuş qiymətli kağızların sayı və nominal qiymət üzrə məbləği.
2.4. Müqavilənin predmeti olan qiymətli kağızlara dair sərəncamverənin bu hüququ mövcud olmadıqda və ya həmin qiymətli kağızlar yüklü olduqda və müqavilə üzrə hüquq əldə edənin "depo" hesabı mövcud olmadıqda, MDM tərəfindən Depozitar sistem vasitəsi ilə "Elektron notariat" sisteminə həmin qiymətli kağızlar ilə müqavilənin bağlanılmasının mümkün olmaması barədə səbəbləri göstərilməklə məlumat ötürülür.
2.5. Bu Qaydanın 2.3-cü və 2.4-cü bəndlərində müəyyən edilən məlumatın Depozitar sistem vasitəsi ilə "Elektron notariat" sisteminə ötürülməsi yalnız sərəncamverənin bu barədə MDM-ə təqdim etdiyi razılığı əsasında baş verir. Razılıq mövcud olmadıqda MDM tərəfindən Depozitar sistem vasitəsi ilə "Elektron notariat" sisteminə bu barədə məlumat ötürülür.
2.6. Bu Qaydanın 2.3-cü bəndində müəyyən edilən məlumat "Elektron notariat" sistemindən notarius tərəfindən əldə edildikdən sonra qiymətli kağızlarla müqavilə tərəflərin imzası ilə imzalanır və notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən Depozitar sistemindən əldə edilmiş məlumatlar çap olunaraq aparılmış notariat hərəkəti üzrə işə tikilir.
2.7. Qiymətli kağızlarla müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra qiymətli kağızlara mülkiyyət hüquqlarının ötürülməsini təmin etmək üçün aşağıdakı sənədlər notarius tərəfindən dərhal elektron formada (notariusun elektron imzası ilə təsdiq edilməklə) "Elektron notariat" sistemindən Depozitar sistemə ötürülür:
2.7.1. notarius tərəfindən təsdiq edilmiş müqavilə;
2.7.2. müqavilə üzrə ödənişlərin hüquq əldə edən (alıcı) tərəfindən notariusun bankdakı depozit hesabına həyata keçirildiyini təsdiq edən sənəd;
2.7.3. MDM-in müvafiq xidmət haqqının ödənildiyini təsdiq edən sənəd.
2.8. Müqavilənin predmeti olan qiymətli kağızlara mülkiyyət hüquqları ötürüldükdən sonra "Elektron notariat" sisteminə bu barədə Depozitar sistem tərəfindən məlumat göndərilir.
2.9. Müqavilələrin bağlanılması zamanı sui-istifadə halları barədə şübhə olduqda, qiymətli kağızlar üzrə mülkiyyət hüquqları ötürülmür və MDM bu barədə bu barədə səbəbləri göstərilməklə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə) dərhal məlumat verir. Məlumat Komitəyə təqdim edildikdən sonra MDM tərəfindən Depozitar sistem vasitəsi ilə "Elektron notariat" sisteminə qiymətli kağızlar üzrə hüquqların ötürülməməsi və müqavilənin şübhəli olduğu barədə məlumatın Komitəyə təqdim edilməsi haqqında məlumat ötürülür.
2.10. Sənədsiz qiymətli kağızı əldə edən şəxsin mülkiyyət hüquqları həmin qiymətli kağızların ötürülməsinin MDM-də qeydiyyatı ilə, sənədli qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları isə müvafiq əqdin bağlanması ilə yaranır.
3. Ödənişlər
3.1. "Elektron notariat" sistemi və Depozitar sistemi ilə real vaxt rejimində qarşılıqlı şəkildə mübadilənin təşkili üçün əlavə haqq (ödəniş) tələb olunmur.
3.2. Notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlər müqavilə üzrə hüquq əldə edən (alıcı) tərəfindən notariusun bankdakı depozit hesabı vasitəsi ilə həyata keçirilir.
3.3. Notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında qiymətli kağızlar üzrə mülkiyyət hüquqlarının ötürülməsi üçün MDM-in hesabına hüquq əldə edən və ya sərəncamverən tərəfindən müvafiq xidmət haqqı ödənilir.
3.4. Ödənişlərin həyata keçirilməli olduğu MDM-in bank hesablarında dəyişikliklər baş verdikdə MDM bu barədə 1 (bir) iş günü müddətində Ədliyyə Nazirliyini məlumatlandırır.
4. Real vaxt rejimində əldə edilən məlumatların və sənədlərin təhlükəsizliyinin təmin olunması və məsuliyyət
4.1. "Elektron notariat" və Depozitar sistemləri məlumat mübadiləsinə başlamazdan əvvəl bir-birlərini informasiya texnologiyalarından istifadə etməklə eyniləşdirməlidirlər.
4.2. "Elektron notariat" və Depozitar sistemləri arasında məlumat mübadiləsi üçüncü şəxsin ötürmə kanallarından istifadə etməklə aparılarsa, məlumat yalnız qarşı tərəfin oxuya bilməsi şərti ilə şifrələnməlidir.
4.3. Hər bir tərəf digər tərəfdən götürdüyü məlumatın məxfi saxlanılmasına və mühafizə edilməsinə görə məsuliyyət daşıyır.
4.4. Məlumatları informasiya sistemləri vasitəsi ilə təqdim edən tərəf onların düzgünlüyünə cavabdehdir.
4.5. Məlumatı əldə edən tərəf müqavilə tərəfləri qarşısında həmin məlumatların düzgünlüyünə görə cavabdeh deyil.
4.6. Hər bir tərəfin digər tərəfdən götürdüyü məlumat həmin digər tərəfin məlumatı hesab olunur.
4.7. Məlumatları təqdim edən və əldə edən tərəflər "Elektron notariat" və Depozitar sistemlərinin dayanıqlı fəaliyyətinin qorunub saxlanılması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi, məlumat itkisinin qarşısının alınması istiqamətlərində bütün tədbirləri görməlidirlər.
4.8. "Elektron notariat" və Depozitar sistemlərinin dayanıqlı fəaliyyətinin qorunub saxlanılması və məlumat bazalarının təhlükəsizliyinin təmin edilməməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə dəyən ziyana görə təqsiri olan tərəf məsuliyyət daşıyır.
4.9. Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, məlumatların üçüncü şəxslərə təqdim edilməsinə yol verilmir.
4.10. MDM bu Qaydanın 2.2-ci bəndində müəyyən edilən ərizənin surətini notariusdan sorğu edə bilər. Notarius sorğu edilmiş ərizənin surətini 3 (üç) gün ərzində MDM-ə təqdim edir.
4.11. Zəruri hallarda "Elektron notariat" və Depozitar sistemlərindən istifadə olunması, təhlükəsizlik və sair məsələlərlə bağlı hər bir tərəf digər tərəfin istifadəçilərinə treninqlərin keçirilməsini təşkil edir.
5. Səhvlərin və uyğunsuzluqların aradan qaldırılması və mübahisələrin həlli
5.1. Təqdim edilən sənədlərlə "Elektron notariat" və Depozitar sistemlərindəki məlumatlar arasında hər hansı uyğunsuzluq dərhal qarşılıqlı əlaqə vasitəsi ilə aradan qaldırılır. Bu məqsədlə hər iki tərəfdə əlaqələndirici şəxslər təyin olunur və əlaqə vasitələri barədə qarşı tərəf məlumatlandırılır.