Qiymətlər fantastik şəkildə bahalaşacaq - HAZIR OLUN

Qiymətlər fantastik şəkildə bahalaşacaq  - HAZIR OLUN

Ölkə iqtisadiyyatı ikinci devalvasiyanın dağıdıcı təsirlərini aradan qaldırmağa hazır deyil

Ekspertlər «Bizim Yol»a manatın ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edirlər

Azərbaycan Mərkəzi Bankı üzən məzənnə siyasətinə keçdi və manat bir gündə 47.7 faiz dəyərdən düşdü. Bu arada bu ilin 21 fevralında manat 33.8 faiz devalvasiya olmuşdu. Beləlikə, ilin əvvəlində 1 dollar 0.78 AZN-nə təklif olunurdusa, ilin sonunda bu rəqəm 1.55 AZN-ə yüksəldi. Yəni ilin əvvəli ilə müqayisədə milli valyutamız 2 dəfə dəyərini itirmiş oldu.

Nədir üzən məzənnə?

Üzən məzənnə-valyutaların bazarlarda tələb və təklif əsasında müəyyənləşən məzənnəsidir. Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğunu nəzərə alsaq, o zaman manatın taleyinin "qara qızıl"dan asılı olduğunu deyə bilərik. Məsələn, neft ucuzlaşarsa, manatın dəyəri də aşağı düşəcək, bahalaşacaqsa, milli valyutamızın məzənnəsi də yüksələcək.

Birinci devalvasiyanın təsirlərini iqtisadiyyat, bank sektoru, daşınmaz əmlak bazarının hələ də həzm edə bilməməsinə rəğmən, növbəti devalvasiya hansı təsirləri yaradacaq? Bu sualın cavabını ekspertlərdən soruşduq.

Rəşad Həsənov: "Neftin ucuz olması manatın növbəti dövrlərdə ucuzlaşmasına təsir edən əsas amil olacaq"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov "Bizim Yol"a bildirdi ki, manatın dollar və avroya nisbətən məzənnəsini itirəcəyi gözlənilirdi: "Bununla bağlı əsasən iki versiya var idi: üzən məzənnə və kəskin devalvasiya. Mərkəzi Bank birinci yolu seçdi. Üzən məzənnəyə keçid isə manatın dəyərinin kəskin şəkildə düşməsinə səbəb oldu. Növbəti dövrlərdə manatın məzənnəsi tələb və təklif əsasında formalaşacaq. Mərkəzi Bankın və Dövlət Neft Fondunun passiv və aktivlərinin artdığı dövrdə bazarlarda möhkəmlənmə, azaldığı dövrlərdə isə bahalaşma müşahidə edilə bilər. Neftin qiyməti də bu istiqamətdə müəyyən rol oynayacaq. Düşünürəm ki, bundan sonrakı neftin qiyməti birbaşa valyuta bazarlarına təsirini göstərə bilməyəcək. Çünki neft gəlirləri Neft Fonduna daxil olurdu və oradan da öz öhdəliklərini yerinə yetirmək üçün bazarlarda konvertasiya edirdi. Vəsaitlər bazarlara bu şəkildə çıxırdı. Dünəndən etibarən məzənnənin Mərkəzi Bankda deyil bazarlarda formalaşmasında artıq neftin qiymətinin təsiri birbaşa deyil, dolayısı yolla özünü göstərəcək. Əgər "qara qızıl"ın bahalaşması Neft Fondundan dövlət büdcəsindən transfertlərin artmasına təsir göstərəcəksə, o zaman fond bazardakı aktivliyini artıracaq. Bu isə manatın məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq. Dünya bazarlarında enerji daşıyıcıları bahalaşmazsa, yəni neftin qiyməti ucuz olmaqda davam edərsə, bu, manatın növbəti dövrlərdə ucuzlaşmasına təsir edən əsas amil olacaq".

R.Həsənovun fikrincə, manatın kəskin ucuzlaşmasına ölkə iqtisadiyyatı hazır deyil: "Azərbaycan iqtisadiyyatı birinci devalvasiyanın nəticələrini hələ də aradan qaldıra bilməmişdi. Ona görə də üzən məzənnəyə hazır deyildi.

İlkin təsirlər bank sektoruna olacaq. Bankların xarici valyutada olan kreditlərinin geri yığımı daha da çətinləşəcək. Bank müştərilərinin əksəriyyətinin iflası ilə nəticələnən prosesdir. Kreditləri geri yığa bilməyəcəkləri təqdirdə kredit təşkilatları öz öhdəliklərini yerinə yetirə bilməyəcək, hətta bağlanmasına gətirib çıxara bilər".

Ekspertə görə, idxal olunan məhsulların qiymətlərində ciddi bahalaşma müşahidə ediləcək: "Hökumət müəyyən bir müddətdə təzyiqlər vasitəsilə qiymətlərin sabitliyini təmin etməyə çalışa bilər. Amma bu qısa müddətli dövrdə baş verəcək. Uzun müddətli dövr üçün qiymətlərin bahalaşması qaçılmazdır. Əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi fonunda qiymətlərin bahalaşması bazar iştirakçıları üçün əlverişli deyil. Şirkətlərin dövriyyələrinin azalmasına gətirib çıxaracaq. Nəticədə qənaət etmək üçün xərclər azaldılacaq, ixtisarlar aparılacaq, işsizlik genişlənəcək".

R.Həsənov əlavə etdi ki, manatın ucuzlaşması Mərkəzi Bankın intervensiyasını dayandırmayacaq: "Baxmayaraq ki, Mərkəzi Bank üzən məzənnəyə keçib, amma makroiqtisadi sabitliyi qorumaq üçün müəyyən tənzimləmələr həyata keçirməyə məcburdur. Əgər növbəti dövrlərdə bazarlara dollar təminatı olmazsa, bu, manatın kəskin şəkildə, sürətlə ucuzlaşmasına gətirib çıxara bilər. Proseslər nəzarət olunmaz bir məcraya daxil ola bilər. Ümumi götürdükdə valyuta ehtiyatlarının azalması davam edəcək. Sadəcə temp aşağı düşəcək, Mərkəzi Bankın manevr imkanları artacaq".

Vahid Məhərrəmov: "Ərzaq, kənd təsərrüfatı məhsullarının qiymətləri mütləq artacaq"

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə bildirdi ki, ölkəyə gətirilən ərzaq, kənd təsərrüfatı məhsulları manat ifadəsində daha baha qiymətə əldə olunacaq: "Dollarla alınan məhsul üçün daha çox manat xərclənəcək. Ona görə də bu məhsulların manatla satış qiyməti artacaq.
Nəzərə almaq lazımdır ki, Azərbaycandan idxal inhisardadır. İdxal inhirsarda olmasa, sahibkarlar nisbətən ucuz mal-məhsul gətirərək, əhali üçün əlçatan qiymətə təklif edə bilərlər. Amma bu sahə inhisarda olduğu üçün daha çox gəlir əldə etməyə çalışırlar. Ərzaq, kənd təsərrüfatı məhsullarının qiymətləri mütləq artacaq".

V.Məhərrəmov hesab edir ki, devalvasiya ölkə daxilində istehsal edilən məhsulların da qiymətinə təsirsiz ötüşməyəcək: "Ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının istehsal vasitələri xaricdən gətirilir. İstehsal vasitələri dedikdə texnoloji avadanlıqlardan, gübrə və pestisitlərdən, genetik materiallardan, toxumdan söhbət gedir. Hətta yumurta istehsalında istifadə olunan yem komponentləri və sair bu kimi vasitələr xaricdən gətirilir. Xaricdən idxal olunan bu mallar dollarla əldə olunur. Deməli, həmin istehsal vasitələri üçün daha çox Azərbaycan manatı xərcləməli olacaqlar, yəni indiki halda 55 faizdən çox. Əlbəttə, belə olan halda ölkəyə gətirilən istehsal vasitələri birbaşa məhsulun maya dəyərini artıracaq. Bizdə bir o qədər də dəyər əhəmiyyəti kəsb edən iş görülür. Bu nədir? Kənd təsərrüfatı sahəsində əl əməyindən istifadə olunur, eyni zamanda benzin, dizel yanacağı məsələsi də var. Azərbaycanda digər ölkələrdən fərqli olaraq benzin və dizel yanacağının qiyməti bahadır. Hətta Gürcüstan və Rusiyaya nisbətən də qiymətlər kifayət qədər yüksəkdir".

Mütəxəssis bildirdi ki, Azərbaycanın həm idxal, həm də ixrac etdiyi kənd təsərrüfatı məhsulları, ərzaq malları daha baha başa gələcək: "Bu səbəbdən də həmin məhsulların qiyməti artacaq".
O ki qaldı ixracın stimullaşdırılmasına, ekspertə görə, Azərbaycanın elə bir potensialı yoxdur. V.Məhərrəmov bildirir ki, hansı ölkədə həm istehsal vasitələri, həm də kənd təsərrüfatı məhsulları daxili istehsal hesabına ödənilirsə, orada ucuz başa gəlir. Belə olan halda həmin ölkələrin ixrac potensialı olur və milli valyutanın ucuzlaşması bazarda rəqabət qabiliyyətini artıra bilir.
V.Məhərrəmov əlavə etdi ki, növbəti bahalaşmanın qarşısını inzibati qaydada almaq mümkün deyil: "Hökumət kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasını istəmirsə, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara müəyyən qədər kompensasiya ödəsin. Hökumətin isə əlində bununla bağlı hər hansı bir aləti yoxdur. Subsidiyanı artıra bilər. İdxala da subsidiya tətbiq olunarsa, o zaman büdcə xərcləmələrinə nəzarət etmək mümkün olmaz. Ona görə də ən əlverişli yol inhisarçılığın aradan qalxmasıdır".

Rəşad Əliyev: "Devalvasiya daşınmaz əmlakların dollar ifadəsində qiymətlərini azaldacaq"

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyevin sözlərinə görə, baş vermiş devalvasiyanın daşınmaz əmlak bazarına təsiri çoxpilləli olacaq: "Bura cari təsir, qısamüddətli təsir və üzunmüddətli təsirlər daxildir.

Cari təsir bazarın "şok" vəziyyətə düşməsidir. Belə şəraitdə alıcılar və satıcılar çaşqınlıq vəziyyətinə düşür. Bu ssenari bu ilin fevral devalvasiyasında olduğu kimi cərəyan edəcək. Qabaqcadan razılaşdırılmış və "behləşmə" aparılmış alqı-satqı əməliyyatlarının bir hissəsi təxirə salınacaq. Əmlak almaq istəyən alıcıların bir hissəsi gözləmə mövqeyinə çəkiləcək. Satıcıların hərəkəti isə müxtəlif olacaq. Satışa çıxarılan bəzi əmlakların bir hissəsinin satışı dayandırılacaq, bir hissəsinin qiymətinə yenidən baxılacaq, bir hissəsininki isə olduğu kimi qalacaq. Əsasən də dollarla satılan və qismən manatla satılanlar".

Ekspertə görə, qısamüddətli təsir zamanı qiymətlər yeni tarazlıq səviyyəsini tapmağa çalışacaq: "Bu müddət ərzində qiymətlər oturuşmayana kimi bazarda mövcud qiymət dəyişiklikləri məntiqdən kənar olacaq. Buna görə də həmin qiymət dəyişikliklərini ciddi qəbul etməyə dəyməz.
Uzunmüddətli təsir isə bazara təsir edən amillərdən asılı olacaq. Bura bir neçə amillər daxildir: makroiqtisadi şərait, ipoteka kreditləşməsinin səviyyəsi, bank sektorunun vəziyyəti. Neftin qiymətlərinin təsiri artıq bazardan kənarlaşmağa başlayacaq".

R.Əliyev deyir ki, nəzərə almaq lazımdır ki, ölkə vətəndaşlarına məxsus sərbəst kapitalın- depozitlər, "yorğan altındakı vəsaitlər"in və s. tam əksəriyyəti dollar ifadəsindədir: "Bu isə o deməkdir ki, vətəndaşlarımız manat ifadəsində kapitalı 40 faiz ətrafında artdı. Bununla yanaşı xaricdən gələn vəsaitlərin də manat ifadəsində artımı olacaq. Bu isə həmin vəsaitlərin bazardakı manat qiymətlərinin artımına təsir edəcək. Manat ifadəsində qiymətlərə eyni zamanda ipoteka kreditləşməsinin vəziyyəti və bank sektorundakı durum təsir göstərəcək. O ki qaldı qiymətlərin dollar ifadəsində dəyişməsinə, biz əvvəldə qeyd etmişdik ki, devalvasiya daşınmaz əmlakların dollar ifadəsində qiymətlərini azaldacaq".

// Aktual.az

Xəbər 5677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR