Azərbaycan Açıq Hökumət Platforması azərbaycanlı jurnalistlərin Fransada təzyiqə məruz qalmasını pisləyib.
Aktual.az-ın xəbərinə görə, təşkilatın məsələ ilə bağlı bəyanatında bildirilib ki, bu hadisə söz və mətbuat azadlığının açıq şəkildə pozulmasıdır.
Qeyd olunub ki, iyunun 28-də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşları Fransada çəkiliş apararkən təzyiqə məruz qalıb.
"Təqiblərə şifahi təhqir, zorakılıqla hədələmə və fiziki hədə-qorxu daxildir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində deyilir ki, hər kəsin fikir və ifadə azadlığı hüququ var. Bu hüquqa heç bir müdaxilə olmadan öz fikirlərinə sahib olmaq, dövlət sərhədindən asılı olmayaraq istənilən KİV vasitəsilə məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Söz və mətbuat azadlığı Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur və Konvensiya ifadə azadlığı hüququnu təmin edir", - Azərbaycan Açıq Hökumət Platformasının bəyanatında vurğulanıb.
Bildirilib ki, Fransa hökuməti bu hadisəni obyektiv şəkildə araşdırmaq və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək vəzifəsini daşıyır.
Azərbaycan Açıq Hökumət Platforması Fransa hökumətini AzTV əməkdaşlarına təzyiq göstərilməsi faktı ilə əlaqədar hərtərəfli və qərəzsiz araşdırma aparılmasına, günahkarların qanun çərçivəsində məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atmağa çağırıb: "Söz və mətbuat azadlığı sağlam demokratiya üçün vacibdir. Biz Fransa hökumətini bu hüququ qorumaq üçün bütün lazımi addımları atmağa və jurnalistlərin təqib və hədə qorxusu olmadan öz işlərini görmələrini təmin etməyə çağırırıq”.
Xəbər 694 dəfə oxunub.