Bu ilin ilk 6 ayı ərzində Bakıda yol qəzalarının ən çox qeydə alındığı vaxt və yerlər açıqlanıb.
Aktual.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə deyib ki, günün vaxtına görə, hadisələrin əksəriyyəti saat 13:00-dan 18:00-dək və saat 20:00-dan 24:00-dək qeydə alınıb: “Cari ilin 6 ayı ərzində bu vaxtlarda 189 hadisə baş verib, nəticədə 49 nəfər ölüb, 197 nəfər yaralanıb. Ümumi hadisələrin 48,2%-i, ölüm faktlarının baş verməsi 45,1%-i və xəsarət alınması faktlarının isə 47,6%-i məhz bu saatlara təsadüf edib. Həftənin günlərinə görə isə baş verən hadisələr, ölüm və xəsarət faktları təxminən eyni sayda olub”.
Bölmə rəsinin sözlərinə görə, hesabat dövründə yol qəzalarının əksəriyyəti paytaxtın Heydər Əliyev (27 hadisə, 15 ölüm, 28 yaralı), Ziya Bünyadov (18 hadisə, 8 ölüm, 11 xəsarət), Nobel (14 hadisə, 4 ölüm, 11 xəsarət), Qara Qarayev (14 hadisə, 1 ölüm, 14 xəsarət), Babək (7 hadisə, 3 ölüm, 5 xəsarət), Neftçilər (6 hadisə, 4 ölüm, 3 xəsarət), Tbilisi prospektlərində (5 hadisə, 2 ölüm, 8 xəsarət), Mərdəkan-Buzovna yolunda (10 hadisə, 4 ölüm, 11 xəsarət), Şəhər şossesində (6 hadisə, 6 ölüm, 4 xəsarət), Zığ şossesində (6 hadisə, 5 ölüm, 6 xəsarət) və Bakı dairəvi yolunda (11 hadisə, 3 ölüm, 21 xəsarət) qeydə alınıb: “Bu rəqəmlər paytaxt yollarında qeydə alınan ümumi hadisələrin 31,6%-ni, ölənlərin 46,6%-ni, xəsarət alanların isə 29,5%-ni təşkil edib”.
Qeyd edək ki, 2015-ci ilin ilk yarım ili ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələrdə 118 nəfər ölüb, 414 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.