"Rusiya idman tədbirlərinin siyasiləşdirilməsinin əleyhinədir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Moskva-Bakı" portalına müsahibəsində Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin sədri Konstantin Kosaçov deyib.
"Bakıda keçirilən Avropa Oyunlarına qarşı Qərbin başladığı kampaniyaya gəldikdə isə, əminliklə deyə bilərəm ki, Rusiya bütün idman tədbirlərinin siyasiləşdirilməsinin əleyhinədir. Rusiya da Azərbaycan kimi dəfələrlə belə hücumların predmeti olub. Bu gün biz, Avropa Oyunlarına, Azərbaycana qarşı buna oxşar məqsədyönlü kampaniyanın aparıldığını görürük. Hesab edirik ki, Qərbin bu cür fəaliyyəti olduqca ədalətsiz və qəbulolunmazdır. Rusiya başa düşür ki, Azərbaycan dost və tərəfdaş ölkədir və ona hər cür dəstəyi göstərməyə çalışır", - deyə rusiyalı senator qeyd edib.
K. Kosaçovun sözlərinə görə, Rusiyanın Azərbaycana dost münasibəti prezident Vladimir Putinin I Avropa Oyunlarının açılış mərasimində iştirakı ilə bir daha nümayiş olunub: "Yarışların keçirildiyi günlərdə Bakıda Rusiyadan böyük nümayəndə heyəti var. Rusiya idmançıları isə Avropa Oyunlarında uğurlu iştirak edirlər. Bu bir daha Avropa Oyunlarının Rusiya üçün nə qədər əhəmiyyətli olduğunu göstərir".
Aktual.az