Qərbin Suriya və Türkiyə meydanında qarşılaşdığı ardıcıl məğlubiyyətlərdən sonra eyforiyaya qapılması və nəzərə çarpan isterik gedişi təbiidir. Ayrıca, gəldiyi yalnış qənaətlər ucbatından bəlli bir strategiyanı fiaskoya uğradan “beyin institutları”nın qlobal arenada yeni həmlələr haqda durmadan baş sındırması da başa düşüləndir. Necə deyərlər, estafet davam edir…
***
Qəddafinin Ərəb dövlətləri liderlərinin toplantısında tarixi çıxışı güman ki, unudulmayıb. Bu uzaqgörən adamın hələ erkəndən həyəcan təbili çalması zamanında çoxlarına şıltaq rəhbərin növbəti şousu kimi gəlirdi. Ki, bu boyda neft nəhənglərini yerindən kim tərpədə bilər. Oysa, həmin an ironik oturuş və dinləmə tərzi ilə az qala Qəddafini məsxərəyə qoyan Bəşər Əsəd indi buyurub baxsın: dünyanın xəritəsi hardan hara qədər dəyişib. Üstəlik, gecindən də olsa hamımız anlamağa çalışaq: Seyid Əzim Şirvaninin məşhur “Aslan və iki öküz” təmsili Amerikanın dərin strateji fəaliyyət proqramında toxunulmaz prioritet kimi öz əksini necə tapıb?
Qəddafini ona görə misal çəkdim ki, Qərbin ən ağır demarşı məhz Liviya liderinə münasibətdə öz təcəssümünə varıb + Amerikanın “Narıncı”, “Lalə”, Yasəmən”, “Twitter” ayaması ilə dünyaya sırıdığı inqilablar yalnız Qəddafini devirmə ərəfəsində “hard-power” etapına qədər irəliləyib. Adamı rəsmən linç etdilər, “İŞİD” üslublu vəhşiliyi terror deyil, əldəqayırma müxalifətin gücü və adı altında pərdələdilər, Səddamın ardınca dünyaya göz dağı vermək istədilər. Ardınca Ukraynanın, Suriyanın timsalında az qala Yəhudi soyqırımının mini variantı həyata keçirilsə də, bunu beyinlərə, şüurlara “demokratiyaya dəstək” devizi ilə pərçimlədilər. Qətli qəhrəmanlıq, cinayəti azadlıq, zombi təfəkkürü dirəniş formatında damarlara yeritdilər.
***
Yüz illər boyunca gücün balansı olub. Aksiomadır bu. Həmin balans olmasa bəşəriyyət çökər, ədalət itər. Bu səbəbdən Rusiya və aram-aram yeni nüvə mərkəzinə (söz sahibinə) çevrilən Türkiyə tez bir zamanda qlobal arenadan çıxdaş edilməli idi. Ki, Amerika rəqibsiz meydanda bildiyini eləsin. Eyni adlı planın pozulmasına, dünyanın tamamən Amerika əsarətində olmamasına səbəb isə Putindir. Bəli, onu sevənlər də, sevməyənlər də artıq bu reallığı qəbul edib. Putin həmin Putindir ki, tarix boyu heç bir rus liderin salınmadığı iqtisadi məngənədən çıxdı, Xocalı adda soyqırımı görməzdən keçib Krım hadisələrini president kimi qəbul edən Beynəlxalq Təşkilatlara (öz üslubunca) yetərli “dərs”ı verdi, Qəddafidən fərqli olaraq Əsədi himayəsinə almağı bacardı və ən nəhayət - Ərdoğana kimsənin gözləmədiyi anda, ən kritik məqamda əsl qardaş dəstəyini sərgilədi!
Ərdoğan isə hara qədər desən ERKƏK siyasətçidir. Kişi oğlu kişidir. Eyni zamanda ağıllı. Onun ölkədəki çevriliş cəhdindən bir həftə öncə (təyyarələrin vurulması ilə bağlı) rus xalqına müraciəti və üzrxahlığı da praqmatizmin ən gözəl nümunələrindən sayıla bilər. Və bu jest təxminən “90+” –da meydançaya buraxılan futbolçunun qol vurmasına bərabər hadisə idi. Bəli, bilməyənlər də bilsin: Ərdoğanı çevriliş planından agah edən ilk insan Putin olub. Demək ki, qardaş Türk xalqına qarşı Qərb dairələrinin FETO ilə birgə planladığı terror (məhz terror!) cəhdi, Ərdoğan kimi ləyaqətli liderin fiziki məhvi kontekstində Türkiyənin çökdürülmə ssenarisi həm də Putinin məsələyə əl qoyması səbəbindən baş tutmayıb...
Sadəcə, vurğulanması gərəkən çox ciddi bir nüans daha var: Qərbin tar-mar eləmək istədiyi əksər bölgələrin müxalifəti kimi Türk müxalifəti də dar məqamda ortalığa əsl vətəndaş və kişilik mövqeyi qoymağı bacardı, milli maraqlardan sapmadı. Zatən Kemal Kılıçdaroğlunun, Devlet Bahçelinin ani bir məsuliyyətsizliyi kritik anda vəziyyətin daha da mürəkkəbləşməsi üçün yetərli idi. Amma onlar bunu etmədilər, daxili kini şəxsi müstəviyə endirmədilər, qapı kandarında durub hansısa təxribatçıya yedək olmadılar...
***
Qapı demiş. Eyni paralelləri gəlin indi də Azərbaycan üzərindən aparaq. Daha doğrusu radikal müxalifət üzərindən. Və ya bir anlıq təsəvvür edin ki, Kılıçdaroğlunun, Bahçelinin yerində bizim “şanlı müxalifət”imizin liderləridir. Bütün inandıqlarıma and olsun, geyindikləri əlbisədə belə Amerikanın, Avropanın dövlət rəmzləri əks olunardı. Ya da son mitinqdə Avropa Birliyinin bayrağını öz üçrəngli bayrağımızdan on baş yuxarı necə qaldırmışdılarsa, həmin Avropanı ilk fürsətdəcə daxili işlərimizə də eyni şəkildə transfer edərdilər...
Faciə də elə budur. Camaatın müxalifəti hansı ampluadadır, nə işlərlə məşğuldur, bizimkilərin fəaliyyət spesifikasına baxın:
Referendum öncəsi təbliğat-təşviqat qrupu yaradıb hüquqi müstəvidə mübarizə aparmaq əvəzinə monitor üzərindən sosial şəbəkə sayıqlamalarına, mənasız mitinqlərə start vermək;
3 minlik adamı 3D formatında (illərdir bəsirət gözlərini qapayan eynəklə) 15 min görmək;
Səfirlik qapıları gəzmək, diplomat çətiri tutmaq, separat sövdələşmələr aparmaq;
Kiminsə tapşırığı ilə Strasburqda bütün satılmışların toplantısını keçirmək;
30 min xərcləyib 100 min silmək, aksiya qovğasına, mənəm-mənəmlik “hava”sına girmək;
Gülənin emissar(lar)ını bir addımlıqda saxlamaq;
On illər boyunca ətrafında olan əqidədaşlar müdafiəsiz qalarkən 3 ay əvvəl dövrəyə girən missioner mollanı “həqiqət carçısı”na çevirmək, hətta dini –ekstermist bəyənatların fonunda belə hakimiyyədən qisas almağın yollarını incələmək...
Hara qədər gəldiniz siz?!
***
Qərbin, Avropanın səfirləri mənimlə niyə görüşmür? Söhbət yalnız ictimai-siyasi proseslərin müzakirəsindən gedirsə biz niyə yoxuq bu “mədəni”, “işgüzar” qəbullarda? Əvvəl yüz bəhanə sıralayırdılar. İndi ki Parlament Partiyasının rəhbəriyəm, indi ki Avropa Şurasının Nümayəndə heyətinin üzvüyəm, indi ki hətta protokol baxımından belə görüşmələri gərəkən ilk adamlardan biriyəm...
Cavab gün kimi aydındır: Çünki biz bəlli “təyinat”lara uyğun ixtisaslaşmamışıq. Alqı-satqı üzrə mütəxəssis deyilik. “Tıq-tıq xanım“ – cizgi filmində kamaça çalan siçanın cızıqlı “tenniska”sından geyinib “qlazok” effektli pozlar verə bilmirik...
Biz bəzi məsələlərdə gerçəkdən çox “istedadsızıq”...
Elşən Musayev,
Milli Məclisin deputatı