“Qərb mətbuatının kimisə Azərbaycana lider kimi sırımaq cəhdi uğursuz olacaq”-Qüdrət Həsənquliyev

“Qərb mətbuatının kimisə Azərbaycana lider kimi sırımaq cəhdi uğursuz olacaq”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
 
Aktual.az müsahibəni təqdim edir:
 
- Qüdrət bəy, Prezident İlham Əliyevin "Rusiya bu gün” informasiya agentliyinə verdiyi müsahibədən sonra onu yenidən Rusiyayönümlü siyasət yürütməkdə ittiham etməyə başlayıblar. Sizin fikrinizi bilmək istərdik...

- Bunu edənlər Qərbin bəslədiyi uşaqlardır. İlham Əliyev artıq torpaqlarımızı işğaldan azad etmiş tarixi şəxsiyyətdir. O, bu uğura daha çox Rusiya və Türkiyə ilə münasibətləri üst səviyyəyə qaldıraraq, Ermənistanı Rusiyanın dəstəyindən məhrum etməklə, Rusiyanın müharibədə neytrallığına nail olmaqla imza atıb. Qələbəni asan əldə etdiyimiz üçün bəziləri onun möhtəşəmliyini tam dərk edə bilmir. Əksini düşünün, Rusiya Ermənistanı birinci Qarabağ müharibəsindəki kimi dəstəkləsəydi müharibə nə qədər davam edərdi, neçə şəhər və kəndlərimiz dağılardı, nə qədər itki verərdik? Ukraynanı hansı səviyyədə olmasından asılı olmayaraq hər halda bütün Qərb dəstəkləyir, amma nəticəyə baxın. Həmin marginallaşmış qrupun hay-küyünə baxmayaraq 22 fevral 2020-ci ildə Moskvada Rusiya ilə müttəfiqlik münasibətlərinə dair saziş imzalanmasaydı, biz, Xankəndi üzərində dövlət suverenliyinə çox çətinliklə və daha qanlı döyüşlərlə nail ola bilərdik. Etimadlı münasibətlər sayəsində Rusiya öz sülhməramlılarını üçtərəfli bəyannamədə nəzərdə tutulandan tez ölkəmizdən çıxardı, əlləri qana batmış erməni seperatçıları və işğalçıları ölkəmizi tərk etdi. Ölkənin gələcəyinə görə heç bir məsuliyyət daşımayan bu "uşaqlar” regional çağırışları və çətinlikləri nəzərə almırlar. Həmin çıxışın Türkiyə əleyhinə olması barədə deyilənlər də cəfəngiyyatdır. İlham Əliyev həmin çıxışında Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdi və Şuşa Bəyannaməsi barədə kifayət qədər ətraflı danışdı.
İlham Əliyev bu uğurlara nail olub deyə, o demək deyil ki, onu və hökuməti tənqid etmək olmaz, ölkənin problemlərindən, hökumətin fəaliyyətindəki çatışmazlıqlardan danışmaq, hansısa təkliflərlə, təşəbbüslərlə çıxış etmək olmaz. Biz də bir çoxları kimi zəruri saydığımızda bunu edirik. Ancaq İlham Əliyevi "İlham Əliyev güclü və nüvə silahına sahib Fransa ilə münasibətləri korlayır”-, deyərək ittiham etmək üçün gərək vicdanını itirəsən. İlham Əliyev həmin müsahibəsində də deyir ki, o Prezident kimi ilk səfərini Fransaya edib. Biz, Fransa ilə münasibətləri yüksək səviyyəyə qaldırmaq üçün bəlkə də lazım olduğundan daha çox səy göstərmişik. İlham Əliyev Fransaya dedi ki, parlamentinizin hər iki palatası Qarabağın müstəqilliyinin tanınması barədə qərar qəbul etsin?
Bu gün bizə olan hücumlar həm ermənilərə, həm də Rusiya, Türkiyə, Çin və Pakistanla münasibətlərimizi inkişaf etdirməyimizə görədir. Baxmayaraq ki, bu əlaqələr başqa ölkələrə qarşı yönəlməyib.
Əlbəttə, Qərblə münasibətlərdə yaranmış gərginliyin yumşaldılmasını istəsəm də, onu bilməliyik ki, yaranmış gərginliyin səbəbkarı Azərbaycan deyil.
 
- Son zamanlar qeyd etdiyiniz marginallaşmış qrupun rəhbərinə Qərb mətbuatı tərəfindən xüsusi "diqqət” göstərilməsini necə şərh edərdiniz?
 
- Azərbaycan məhkəməsi onu 1500 manat cərimələməklə yenidən diqqət mərkəzinə gətirdi. Qərb mətbuatı onunla müsahibələr təşkil etməklə guya iqtidara təzyiq edir, hakimiyyətə real alternativ kimi təqdim etməyə çalışırlar. İqtidarda da bəzi adamlar bilsə də ki, internet var və tənqidi fikri boğmaq mümkün deyil, buna baxmayaraq cəmiyyətdə elə bir ictimai rəy, görüntü formalaşdırmağa çalışırlar ki, xalq qəbul etsin ki, kim olmasından asılı olmayaraq onun problemlərindən, həmin problemlərin aradan qaldırılması yollarından yalnız Qərbin bəslədiyi uşaqlar danışa bilər. Dünyanın ən inkişaf etmiş ölkələrində də problemlər var və həmin problemlər mediada, seçkili dövlət hakimiyyəti orqanlarında müzakirə edilir. Xalq da görür ki, dövlət orqanları problemlərdən agahdır və onun uğurlu həlli üçün müzakirələr aparılır. Ölkə mətbuatında, parlamentdə problemlərin, nöqsanların, çatışmazlıqların müzakirəsinə geniş imkan yaradılsa və həmin problemlərin üstünə gedilsə, Qərb mətbuatının kimisə Azərbaycana lider kimi sırımaq cəhdi uğursuz olcaq, həmin bəslənən uşaqların da səsi batacaq.

Xəbər 104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR