Qənirə Paşayevanın “Sağlamlığın öz əlində" kitabının imza günü keçirilib

Qənirə Paşayevanın “Sağlamlığın öz əlində

Millət vəkili Q.Paşayevanın “Sağlamlığın öz əlində kitabının imza günü keçirilib və kitabın pulsuz bölgələrə hədiyyə ediləcəyi bildirilib.


Kitabevim.az kitab mərkəzində millət vəkili Qənirə Paşayevanın "Sağlamlığın öz əlində..." kitabının oxucular üçün imzalanması mərasimi olub. Ziyalıların, gənclərin, KİV nümayəndələrinin iştirakı ilə keçirilən imzalanma mərasimində Kitabevim.az kitab mərkəzin rəhbəri, "Hədəf Kursları" MMC-nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadıq, kitabın redaktoru, Atatürk Mərkəzinin şöbə müdiri, yazar Əkbər Qoşalı və bir sıra ziyalılar çıxış edərək müəllifin yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. Məlumat verilib ki, kitabda Qənirə Paşayevanın əhalinin tibbi maariflənməsi ilə bağlı müxtəlif dövrlərdə yazdığı məqalələr, Milli Məclisdə etdiyi çıxışlar özündə əks etdirir. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki,bu gün insanlarımızın tibbi maariflən(diril)məsi işinin genişləndirilməsi ən vacib məsələlərdən biridir və bununla biz cəmiyyətimizdə bir sıra xəstəliklərlə daha təsirli mübarizə apara və onları mümkün olduğu qədər azalda bilərik: “Bir sıra xəstəliklərdən əziyyət çəkənlərin sayı sürətlə artmağa başladı... yeni xəsətlik növləri tibbə məlum oldu; və budur, bəzi xəstəliklər isə bizi artıq “SOS!” siqnalı çalmağa məcbur edir. Bölgələrimizdə, kəndlərimizdə insanlarla görüşlər və az qala hər gün aldığım çoxsaylı məktublar əsasında deyə bilərəm ki, əhalinin tibbi maariflən(diril)məsi işinin qısa zamanda sürətlə genişləndirilməsi indi ən vacib məsələlərdən (vəzifələrdən!) biridir. Məsələn, bu gün bütün dünyada sürətlə artan (cavanlaşan!) xərçəng xəstəliyi ilə mübarizədə maariflən(diril)mə ən ciddi məsələlərdəndir. Çünki xərçəng xəstəliyi zamanında aşkar olunarsa, ondan xilas olmaq mümkündür amma gec qalındığı zaman vətəndaş və dövlət nə qədər çalışsa da, onu həyata qaytarmaq mümkün olmur... Kişilər arasında artan ağciyər xərçəngində siqaretin nə qədər böyük rol oynadığını təssüf ki, onların böyük bir hissəsi o qədər də bilmir. Gənc oğlanlarımız, kişilərimiz (elə qadınlarımız arasında da!) siqaretdən istifadə edənlərin artması özü ilə xəstəliklərin də artmasına təsirsiz ötüşmür. Adi bir duruma diqqət edək: siqaret çəkənlərin sıx-sıx getdiyimiz ictimai yerlərdə siqaretdən istifadə etməsinin onların özlərinə göstərdiyi zərər qədər biz də ( - siqaretdən istifadə etməsək də! - ) onlar qədər siqaretin zərərli (zəhərli) təsirinə məruz qalırıq... ancaq nə qədər insan bunun fərqindədir.?! Siqaret çəkən buna mənəvi haqqının olub-olmadığını ciddi düşünsə, insanlar da bu cür hallara laqeyid qalmayıb, duyarlı olsalar, durum dəyişməzmi, sizcə? Dəyişər, əlbəttə! Hələ-hələ antibiotiklərdən ehtiyatsız istifadənin nələrə səbəb olduğunu hər kəs bilməlidir. Hər gün istifadə etdiyimiz cib telefonlarının sağlamlığımız üçün nə qədər böyük təhlükə olması və ondan özümüzü və ən əsası(!) kiçik yaşlı övladlarımızı necə qorumaq yolları barədə ciddi düşünməliyik. Sqaret və narkomaniya adlı bəla ilə sərt mübarizə aparmalıyıq. Dünyada və bizdə də artan QİÇS-dən, onun artmasından necə xilas ola bilər cəmiyyətimiz? – bu sualla qarşılaşmısızmı? Zaman dəyişib, tibbin imkanları da... İndi orqan köçürülməsi ilə nə qədər insanı ölümün caynağından xilas etmək mümkün olur..!– Dünyadan köçən bir insanın həyatda edə biləcəyi ən böyük yaxşılığın, insanlığa ən böyük faydasının öz or-qanlarını bağışlayaraq bir neçə insanın yaşamasına səbəb olmaq olduğunu bilirsinizimi? – Bilirsinizmi, “insanların ən faydalısı insanlığa ən çox faydası olandır” demişdi Tanrının sonuncu elçisi... (Əlbəttə, orqan bağışı qaydalar-qanunlar çərçivəsində olmalıdır ki, orqan tacirləri yararlana bilməsin bu işdən... çarəsiz insanlar faydalana bilsin sadəcə...) Onu da açıq şəkildə deyim ki, mənim öz orqanlarımı bağışlamağım barədə (ictimailəşmiş) vəsiyyətim və bunu sənədləşdirməm, cəmiyyətdə ilk öncə birmənalı qarşılanmadı... Respublikamızda bir ilk olduğu üçün müzakirələr də çox oldu bu mövzu ətrafında... ancaq mövzunun nə qədər önəmli olduğunu öyrənib bilənlərin sayı daha da artdı hər ötən ay içində və insanların əksəriyyəti nəinki bu addımı dəstəklədi, bu cür addım atanların sayı önəmli dərəcədə artdı. Bax, bu kitabı, bir də, “Bir millət vəkili niyə belə bir addım atdı?” sualına cavab bulmaq istəyi ilə oxuya bilərsiz... və inanıram ki, siz də ciddi düşünəcəksiz bu mövzuda... Nigaha daxil olanların tibbi müayinədən keçməsi, onlara tibbi arayış təqdim edilməsinin vacibliyi ilə bağlı, mənim və həmkarlarımın Milli Məclisdə dəfələrlə təkliflərlə çıxış etməyimiz öz həllini tapdı. “Ailə Məcəlləsi”ndə dəyişikliklərin edilməsi haqqında” qanununla artıq nigaha daxil olan şəxslər tibbi arayış təqdim edəcək. – “Bu bizim nəyimizə lazımdır?” deyirsinizsə, vaxt ayırıb, bu kitabı oxu¬sanız, oxunuzdan, vaxtınızdan məmnun qalacaq, bir çox suallara olumlu cavab tapa biləcəksiniz.
Bu kitab hər gün xəstəliklərin və gərginliklərin artdığı bir dünyada, özünü, obrazlı desək, öz dünyanı qorumağa bir az da olsa, yardım edə biləcəksə, bu mənim ən böyük qazancım olcaq..! Çalışın özünüzü qoruyun..! Özünü xəstəliklərdən, naqisliklərdən, cahilliklərdən qorumaq, başqalarını da qorumağa xidmət edir, bir anlama... cəmiyyətin inkişafıa da xidmət edir. Çox ümidliyəm ki, bu kitab, tibbi maariflən(dir)mə adlı ümumi işimizə, kiçik də olsa, bir töhfə olacaq."
Millət vəkili Q.Paşayeva bildirib ki, insanlarımızın maariflənməsi işinə xidmət edəcək kitab pulsuz şəkildə bütün universitetlərə, məktəblərə, xəstəxanalara, gənclər və idman mərkəzlərinə, kitabxanalara hədiyyə olunmağa başlanılıb. Təqdimatda iştirak edən ziyalılar özəlliklə kəndlərdə insanlarımızın daha geniş maarifləndirilməsi istiqamətində bu cür kitablara böyük ehtiyac olduğunu vurğuılayaraq millət vəkilini təbrik və maariflənmə işinə dəstək üçün kitabın pulsuz şəkildə paylanması üçün təşəkkürlərini bildiriblər. Millət vəkili kitabla bağlı və maarifləndirmə istiqamətdə önəmli mövzular ətrafında tədbir iştirakçılarının və jurnalistlərin suallarını da cavablandırıb. Sonra isə oxuculara kitablarını imzalayaraq hədiyyə edib

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR