Millət vəkili Q. Paşayevanın Aydında Azərbaycan küçəsi və Kəlbəcər parkı təklifini bələdiyyə başqanı dəstəkləyib
Millət vəkili Qənirə Paşayeva Aydında, Efeler bələdiyyə başqanı Mesut Özakcanilə görüşüb . Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Aydın, Efelerin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Aydının, Efelerin mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə Kəlbəcər adının veriləcəyinə inandığını deyib və Aydın, Efeler bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Efeler bələdiyyə başqanı Mesut Özakcan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Efeler bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Efeler bələdiyyə başqanı Mesut Özakcan hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Efelerde Azərbaycan küçəsi və Kəlbəcər parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərə mütləq baxılacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Aydın, Efelerin də yer alacağını bildirib və Azərbaycan insanına Aydını daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Efeler bələdiyyə başqanı Mesut Özakcan və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Efeler bələdiyyə başqanı Mesut Özakcan Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Efeler bələdiyyə başqanı Mesut Özakcana həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim Aydın, Efelerin tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib. Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, üzvləri Cavid Əliyev və Nigar Selcan Yusuf da iştirak edib və bir sıra fikir və təkliflər ərtafında geniş fikir mübadiləsi aparılıb.