Millət vəkili Qənirə Paşayeva MM-də Qaraciyər köçürülməsi əməliyyatlarının dövlət tərəfindən pulsuz həyata keçirilməsi və ya yarı hissəsinin dövlət tərəfindən ödənilməsi təklifi ilə çıxış edib.
Milli Məclis komitələrində hökumət üzvlərinin iştirakı ilə 2016-cı ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, qaraciyər köçürülməsi əməliyyatına ciddi ehtiyacı olan xəstələrin ailələri əməliyyatın baha olması səbəbindən çox ciddi problemlərlə üzləşirlər. Bəzən sosial şəbəkələrdə, bəzən kəndlərdə, bölgələrdə insanlar belə ailələrə kömək üçün pul yığırlar deyən millət vəkili Q.Paşayeva bildirib ki, il ərzində təcili qaraciyər əməliyyatı həyatı vacib olan xəstələrə əməliyyatın dövlət tərəfindən pulsuz həyata keçirilməsinə və ya ən azı yarı hissəsinin dövlət tərəfindən ödənilməsinə ciddi ehtiyac var və belə ailələr bu xahişlə millət vəkillərinə müraciət edirlər. Tibbi sığorta sisteminin həyata keçirilməsinə qədər ailələrə bu cür dəstəyin göstərilməsinin önəmindən danışan millət vəkili Qənirə Paşayeva həmin dövrə qədər orqan köçürülmə əməliyyatları baha olduğundan həmçinin onun əlavə dəyər vergisindən azad eilməsi məsələsini də qaldırıb. “Dünyanın hər yerində, o cümlədən ölkəmizdə də bu əməliyyatların baha olduğunu nəzərə alaraq, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə hələ nail ola bilmədiyimizə görə transplantologiya əməliyyatlarının ƏDV-dən azad olunmasının müsbət addım olarsı. Bu insanların sayı o qədər də çox deyil ki, dövlət büdcəsi üçün orqan köçürülməsinin əlavə dəyər vergisindən azad edilməsi böyük problem yaratsın. Amma 18 faiz əlavə dəyər vergisinin götürülməsi əməliyyatların qiymətini kifayət qədər aşağı sala bilər ki, bu da əməliyyata təcili ehtiyacı olan ailələr üçün böyük dəstək olardı”.Sonda millət vəkili bu məsələnin öz həllini tapması üçün müvafiq qurumların məsələyə həssas yanaşacağına inandığını da qeyd deyib.