Qənirə Paşayeva və TUSİAB Tovuzda ön cəbhədə əsgər və hərbçilərimizlə görüşüb

Qənirə Paşayeva və TUSİAB Tovuzda ön cəbhədə əsgər və hərbçilərimizlə görüşüb

Millət vəkili Q.Paşayeva və TUSİAB Tovuzda ön cəbhədə əsgər və hərbçilərimizlə görüşüb Ramazan bayramlarını təbrik ediblər.

Millət vəkili Qənirə Paşayeva, TUSİAB-ın rəsmi nümayəndələri Ramazan bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onları hədiyyələrlə təbrik ediblər. Əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Q.Paşayeva onları Ramazan bayramı münasibətilə təbrik edib. O deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik”. TUSİAB-ın sədri Celil Polat ön cəbhədə hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu və bu tədbirin önəmli olduğunu qeyd edib. Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə millət vəkili Qənirə Paşayeva və qonaqlar adından hədiyyələr təqdim edilib. Hərbi hissənin rəhbərliyi və Q. Paşayeva, TUSİAB-ın sədri Celil Polata Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər. Azərbaycan əsgərinin formasını geyinən C.Polat bu həyatımda aldığım ən gözəl hədiyyələrin önündə gəlir deyib və hər zaman qardaş Azərbaycanın və ordusunun yanında olduğunu, onun bir əsgəri olduğunu bildirib və bu formanı geyməkdən böyük şərəf və qürur duyduğunu xüsusi vurğulayıb. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva, TUSİAB-ın rəsmi nümayəndələri əsgər və hərbçilərlə geniş söhbət ediblər. Millət vəkili Q.Paşayeva əsgərlərin hər birinə Azərbaycan tarixi ilə bağlı kitablar hədiyyə edib və bildirib ki biz hamımız tariximizi dərindən bilməliyik. Hərbi hissənin rəhbərliyi çıxış edərək belə görüşlərin zabit və əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində tam qələbənin uzaqda olmadığını bildirib.

Xəbər 1381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR