Tovuzda sakinlərin,Türkiyəli şair və yazarların iştirakı ilə Novruz bayramı tədbirləri keçirilib.
Tovuzda sakinlərin və Türkiyədən gəlmiş qonaqların Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi, istedadlı yeni nəsil yazarı, esseist və ünlü radio proqram aparıcısı Mehmet Ercan da daxil olduğu heyətin iştirakı ilə Novruz bayramı tədbirləri keçirilib.
Novruzun bütün ənənələrinin nümayiş olunduğu və Tovuz qalasında keçirilən tədbirdə ilk öncə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva və Türkiyədən olan qonaqlar birlikdə bayram tonqalını yandırıblar.
Rayon icra başçısı Tofiq Zeynalov bütün tovuzluları və xalqımızı təbrik edərək, Novruzun, yeni ilin millətimiz və dövlətimiz üçün uğurlu olmasını diləyib.
"Torpaqlarımız uğrunda şəhid olmuş qardaş-bacılarımızın ailəsi başda olmaqla dünyanın hər yerində yaşayan insanlarımızı, əziz Tovuzlular sizi təbrik edərək bütün arzularınıza çatmanızı arzulamaqla hamımızın ürəyində olan ən böyük arzularımızdan birini dilə gətirmək istəyirəm" - deyən millət vəkili Qənirə Paşayeva "Arzu edirəm ki, gələn il Novruz bayramımızı, bu cür bayram tədbirlərimizi Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda da qeyd edək" söyləyib.
Rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı Mehmet Ercanı Tovuzda salamlamaqdan məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva, Azərbaycan və Türkiyənin “bir millət iki dövlət” olduğunu deyib və həm onları həm dünyanın hər yerində yaşayan insanlarımızı Canakkale zəfərinin 100-cü ildönümü münasibəti ilə də təbrik edib.
Millət vəkili "Dəyərli şairimiz Camal Safinin Azərbaycana böyük sevdasını bir daha “Miracımız Qarabağdır” şeiri ilə də gördük. Biz sizə bu duyarlılğınız üçün təşəkkür edirik" deyib.
Ustad şair Cemal Safi Türkiyədəki bütün qardaş və bacıların salam, sevgi və təbriklərini gətirdiyini deyib: “Türkiyə və türk xalqı hərzaman sizin yanınızda olub və olacaq".