Millət vəkili Q.Paşayeva Denizli valisi ilə görüşdə erməni yalanlarına qarşı mübarizəmizi daha da güclədirməliyik deyib
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Denizli valisi Ahmet Altıparmakla görüşüb.Millət vəkili Qənirə Paşayeva görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığı, bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib: “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ümumilli lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”.
Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım törədiblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. Millət vəkili Denizli valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Denizli arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Qədim Denizlinin də Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.”
Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində qədim Denizlinin də yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”.
Denizli valisi Ahmet Altıparmak da öz növbəsində millət vəkili Qənirə Paşayeva ilə görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”, – deyə o bildirib.