Millət vəkili Q.Paşayeva Türkiyənin 20 QHT və KİV rəhbəri ilə görüşdə erməni yalanlarına qarşı daha fəal mübarizəyə çağırıb.
Millət vəkili Q.Paşayeva qardaş Türkiyənin Azərbaycanda səfərdə olan 20 QHT və KİV-nin rəhbərləri ilə görüşüb. Millət vəkili Q. Paşayeva görüşdə onların Qarabağ həqiqətlərinin yayılmasında fəallıqlarını daha da artırcaqlarına inandığını deyib. O, görüş zamanı Azərbaycan ilə Türk dövlət və toplumlarının QHT-ləri arasında əlaqələrin getdikcədaha da genişlənməsinin məmuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə geniş söhbət açan Qənirə Paşayeva Azərbaycan QHT-ləri, KİV-ləri ilə Türk dövlət və toplumlarından olan QHT-ləri, KİV-ləri arasında əməkdaşlığın daha da artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini bildirib və Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya daha da geniş yayılmasında bunun önəmindən danışıb. Azərbaycanı çox sevdiklərini və Qarabağ həqiqətlərinin yayılması istiqamətində hər zaman öz fəaliyyətləri ilə Azərbaycanın yanında olduqlarını və bundan sonra daha da çox olacaqlarını deyən qardaş Türkiyənin 20 QHT və KİV-nin rəhbəri millət vəkili Q. Paşayevaya həyata keçirdikləri işlər, Azərbaycanla birlikdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə geniş məlumat veriblər və geniş müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva QHT və KİV rəhbərlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri”,“Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib. Görüşdə Azərbaycanın bir sıra QHT rəhbərləri də iştirak edib.