Millət vəkili Q.Paşayeva qardaş Türkiyədə keçirilən 2-ci Yaren Şairler Şöleninin açılışında Türk dünyasına çağırış edərək bir-birimizi daha çox dəstəkləməliyik deyib.
Q. Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunun vacibliyindən geniş danışıb. Türkiyənin bir sıra rəsmi şəxsləri, ziyalıları, KİV nümayəndələri, Türk və müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış şair, yazar, aydınların, ictimai fəalların qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva Türk dünyasının hər yerində şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək sözlərinə başlayıb və Türk dünyası aydınlarına, şair, yazar və KİV-lərinə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır deyib və Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin, digər Türk dövlət və toplumlarının yanında olduğunu xüsusi vurğulayıb. Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən də danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ailələrimizin, aydınlar, şair, yazar və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışını "inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Millət vəkili Q.Paşayeva tədbirdə İraq Türkmanlarının düşdüyü ağır vəziyyətdən danışıb, bu gün Kərkük, Təlafərdəki soydaşlarımıza daha çox dəstək olmalıyıq deyib və Kərkükə həsr etdiyi şeirini səsləndirib. Tədbir çərçivəsində millət vəkili Q. Paşayeva İraq Türkmanlarının təmsilçisi şairlərlə, Güney Azərbaycan(İran)dan şair, aydınlarla və Türk Dünyasının müxtəlif bölgələrindən gəlmiş yazar, şair, araşdırmaçılarla görüşüb, müzakirələr aparıb, KİV-lərə Azərbaycan-Türkiyə münasibətləri, Türk dünyası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müsahibələr verib.
Xəbər 1083 dəfə oxunub.