Millət vəkili Q.Paşayeva HASEN (Hazar Strateji Enstitüsü)-də Türk dünyası KİV-lərinə Qarabağla bağlı çağırış edib.
HASEN (Hazar Strateji Enstitüsü)-də Xocalı Soyqırımı ilə bağlı tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva Türk dünyası KİV və QHT-lərinə çağırış edərək Xocalı soyqırımı həqiqətlərinin yayılmasında birlikdə səyləri daha da artırmalıyıq deyib. Diplomatların, araşdırmaçı və KİV təmsilçilərinin geniş iştirak etdiyi tədbirdə millət vəkili Q.Paşayeva bildirib ki, Türkiyə və bütün Türk dünyası KİV-ləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə daha fəal olmalıdırlar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı danışan millət vəkili deyib ki, ATƏT-in Minsk qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT Minsk qrupu həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Azərbaycan həqiqətlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə və bütün Türk dünyası KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Q.Paşayeva Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili qondarma “erməni soyqırımı”na qarşı mübarizədə də Türk dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq jurnalistlərimiz də daxil olmaqla hər bir insanın qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb. Millət vəkili Q.Paşayeva televiziya kanalları,qəzet və agentlklərin Azərbaycan-Türkiyə münasibətləri, bölgədəki son vəziyyət, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında son vəziyyət, Xocalı Soyqırımı ilə bağlı suallarını da geniş cavablandırıb.