Millət vəkili Q.Paşayeva Qazax,Türkmən,Qaqauz,Uygur,Krım Türkləri aydınları ilə görüşdə Qarabağdan danışıb.
Macarıstanda Turan Qurultayı çərçivəsində Qazaxıstan, Türkmənistan nümayəndə heyəti, Uyğur, Qaqauz, Krım Türklərinin aydınları, alimləri, QHT və KİV rəhbərləri ilə görüşdə millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva onlara ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva çıxışında Türk dünyasının ən böyük problemi olan Qarabağ problemindən, Xocalı Soyqırımından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə millət vəkilləri ilə bərabər QHT və KİV rəhbərlərinin, yazarların, şairlərin, sənətçilərin, araşdırmaçıların, aydınların, jurnalsitlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onlara fəaliyyətlərində və yaradıcılıqlarında Azərbaycana, Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna, öz evinə dönə bilməyən qaçqın və məcburi köçkün qardaş-bacılarımız mövzusuna daha geniş yer verməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, həmmüəllifi olduğu, Qarabağ həqiqətlərini özündə geniş əks etdirən materialları təqdim edib. Görüşün sonunda əməkdaşlığın gələcəyə daha da genişləndirilməsi yolları ilə bağlı geniş fikir mübadiləsi olub. Azərbaycanı çox sevdiklərini deyən Qazax, Türkmən,Uyğur, Qaqauz və Krım Türklərinin aydınları, alimləri, QHT və KİV rəhbərləri Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb. Millət vəkili Q. Paşayeva həmçinin Türkmənistan və Qazaxıstan jurnalistlərinə müsahibə verib və sualları cavablandırıb.