Millət vəkili Qənirə Paşayeva Tovuzun 3 kəndini gəzərək sakinlərin qayğılarını dinləyib və həlli istiqamətində müvafiq qurumlarla müzakirələr aparıb
Millət vəkili Qənirə Paşayeva Tovuzun 3 kəndini gəzərək sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Sakinlərin ən çox müraciətləri arasında iş tapmağa köməklik göstərilməsi, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və millət vəkili Qənirə Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə apararaq qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib. Müraciətlər arasında boşanma zamanı məhkəmə tərəfindən təyin olunmuş alimenti ala bilməyən qadınların sayının artması millət vəkilini ciddi narahat edib və o, bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və övladları ilə çətin vəziyyətdə qalmış anaların hüquqlarının müdafiqəsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyib. Bir sıra 1 və 2-ci qrup əlillər reablitasiya mərkəzində müalicə almaq xahişini də müvafiq qurumlarla danışan millət vəkili Qənirə Paşayeva dəstək göstərilməsini xahiş edib. Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Qənirə Paşayeva “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi ilə bağlı müraciət edib. Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili Qənirə Paşayeva onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb. Millət vəkili Qənirə Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Qənirə Paşayeva son illlərdə cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərərk, ölkəmiz daha da inkişaf edib, imkanları artdıqca həllini gözləyən bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib. Millət vəkili Qənirə Paşayeva 3 kəndi ziyarət zamanı bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb.