Millət vəkili Qənirə Paşayeva Tovuzun 10 kəndindən olan sakinləri qəbul edib, onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.
Sakinlərin ən çox müraciətləri arasında iş tapmağa köməklik göstərilməsi, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı olub.
Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yküksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Qənirə Paşayeva fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub və millət vəkili Qənirə Paşayeva bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə apararaq qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.
Müraciətlər arasında boşanma zamanı məhkəmə tərəfindən təyin olunmuş alimenti ala bilməyən qadınların sayının artması millət vəkilini ciddi narahat edib və o bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və övladları ilə çətin vəziyyətdə qalmış anaların hüquqlarının müdafiqəsi istiqamətində səylərimizi daha da artırmalıyıq deyib.
Görüşə gələn uşaqlıqdan əlilliyə görə müavinət alan və heç bir əmək stajı olmayan 1 və 2-ci qrup əlillər və onların ailə üzvləri bu qrup əlillərin problemlərinin çox olduğunu deyərək sosial müavinətlərin artırılması istiqamətində Milli Məclisdə məsələ qaldırdığı üçün millət vəkili Qənirə Paşayeva təşəkkürlərini bildirməklə yanaşı ondan bu məsələni gündəmdə saxlamasını xahiş edib, onların fikirlərini müfafiq qurumlara çatdırmasını xahiş ediblər.
Bir sıra vətəndaşlar evlərinə təbii qaz çəkilməsi və ya verilməsi sahəsindəki problemlər barədə də danışaraq millət vəkilindən onları müvafiq qurumlarla müzakirə apararaq həllinə dəstək göstərilməsini xahiş ediblər. Qənirə Paşayeva "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyev və qurumun rayondakı nümayəndələri ilə əlaqə saxlayaraq dəstək göstərilməsi ilə bağlı müraciət edib.
Bundan başqa təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı da xeyli müraciətlər olub ki, millət vəkili Qənirə Paşayeva onların həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb.
Qəbul zamanı millət vəkili Qənirə Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib.
Qənirə Paşayeva son illlərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən böyük işlər, həllini tapan çoxlu sayda problemlər barədə də məlumat verərərk, ölkəmiz daha da inkişaf edib, imkanları artdıqca həllini gözləyən bir sıra digər problemlərin də öz həllini tapacağını bildirib.